Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Soçidə keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının qarşıdakı iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağını istisna etməyib.
“Report” xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, oktyabrın 10-da Soçidə Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
İclasda MDB ölkələri XİN başçıları beynəlxalq gündəlikdəki aktual məsələlər və MDB çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparmaq niyyətindədir. Onlar MDB-nin fəaliyyətinin əsas istiqamətləri üzrə əməkdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi üzrə geniş əhatəli məsələləri nəzərədən keçirəcəklər.