Naxçıvan türbələri ISESCO-nun irsi siyahısına təqdim olunub

Xəbər verdiyimiz kimi, Mərakeşin paytaxtı Rabatda ISESCO İcraiyyə Şurasının 38-ci sessiyası keçirilir.

Sessiya çərçivəsində ölkəmizin ISESCO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə SESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl Tüveycri ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ISESCO və Azərbaycan əməkdaşlığı barədə fikir mübadiləsi aparılaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu əlaqələrin inkişafında müstəsna rolu və dəstəyi xüsusilə qeyd edilib.

V. Eyvazzadə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızda dağıdılmış dini abidələr, bu məqsədlə yaradılan xüsusi işçi qrupun fəaliyyəti barədə ətraflı məlumat verərək növbəti il “Bakı Prosesi”nin 10 illik yubileyinin qeyd ediləcəyini, habelə ISESCO-nun bir tərəfdaş kimi bu hadisənin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırıb.

ISESCO-nun baş direktoru bütün məsələlərdə Azərbaycanın yanında olduğunu bildirərək gələcək əməkdaşlıq üçün təşkilat tərəfindən bütün işlərin lazımi səviyyədə öz həllini tapacağına əminliyini ifadə edib.

Sonra V.Eyvazzadə Naxçıvan türbələrinin İslam Mədəniyyəti İrsi Siyahısına daxil edilməsi üçün mədəniyyət və turizm naziri, Azərbaycan Respublikasının ISESCO üzrə Milli Komissiyasının sədri Əbülfəs Qarayevin ünvanladığı məktubla sənədlər toplusunu təşkilatın baş direktoruna təqdim edib.