Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şafkat Bobozoda Bakıya səfər edəcək.

Milli.Az xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Ş.Bobozoda səfiri Abbasəli Həsənovla görüşdə deyib.

Görüşdə iki ölkə başçıları arasında səmimi dostluq, xalqlarımız arasında tarixən sıx mədəni və elmi əlaqələrin mövcudluğu məmnunluq hissi ilə qeyd olunub.

Söhbət zamanı nazir Ş.Bobozadə Tacikistan prezidenti E.Rahmonun tapşırığına əsasən ölkədə xalçaçılığın inkişafı üçün Milli Proqramın qəbul olunduğunu və Azərbaycanın çoxəsrlik xalçaçılıq sənətinin və bu sahədə əldə edilmiş təcrübənin öyrənilməsi üçün Tacikistan Sənaye və Yeni Texnologiyalar Nazirliyinin nümayəndə heyətinin ölkəmizə səfər zamanı onlara hər tərəfli göstərilən köməyə və qonaqpərvərliyə görə TR-in baş naziri K.Rasuzodənin təşəkkürünü səfirə çatdırıb. Tacikistanlı nazir ölkəmizdə olan nümayəndə heyətinin çox böyük təəssuratla geri döndüklərini, Azərbaycanın iqtisadi uğurlarının şahidi olduqlarını diqqətə çatdırıb.

Düşənbə-Bakı birbaşa hava reysinin bərpası məsələsinə toxunan səfir A.Həsənov bu məsələnin bu günə kimi həll olunmamasının Azərbaycanla Tacikistan arasında iqtisadi-ticari, elmi-mədəni sahələrdə geniş imkanların mövcudluğuna baxmayaraq bu istiqamətdə işlərin həyata keçirilməsinə böyük maneəçilik törətdiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Görüşdə Azərbaycan investorlarının Tacikistan iqtisadiyyatına maraq göstərdiyi vurğulanıb, Tacikistan tərəfindən xarici sərmayənin cəlb edilməsi məqsədi ilə münbit şəraitin yaradılmasının vacibliyi qeyd olunmuş, vergi və gömrük sahəsində asanlaşdırılmanın həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Azərbaycanda istehsal olunan geniş çeşidli məhsulların istər sənaye istər ağır və sənaye məhsulları Tacikistan bazarına gətirilməsinə məqsədəuyğun hesab edilir.