“İslam Həmrəyliyi: Müasir çağırışlar və Dini maarifləndirmə” mövzusunda tədbir keçirilib

 Astarainfo.az xəbər verir ki, oktyabrn 5-də Azərbaycan Respublikası Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsi  Astara rayon İcra Hakimiyyəti ilə  birgə   Astara Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi : Müasir çağırışlar və Dini maarifləndirmə”mövzusunda konfrans   keçirilib.

 Tədbirdə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev açaraq, bütün təhsil işçilərini  5 oktyabr  Beynəlxalq Müəllimlər günü münasibəti ilə  təbrik etmiş,  gənclər arasında dini maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edərək, bildirmişdir ki, radikal dini təriqətlərin yayılmasına yol verməmək üçün gənclər elmə, təhsilə ciddi fikir verməli, geniş məlumatlı olmalıdırlar.

   Daha sonra Mərasim Hacıyev rayonunda mövcud olan dini durum barədə də konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu bildirmişdir.

     Bu gün ölkəmizdə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən geniş tədbirlərin həyata keçirildiyini vurğulayan Gündüz İsmayılov qeyd etmişdir ki, bu cür konfransların təşkilində prioritet dini maarifləndirmə yolu ilə radikalizm, məzhəbçilik, dini ayrı-seçkilik kimi amillərə qarşı mübarizə, əhalinin bu yöndə düzgün istiqamətləndirilməsidir.

  Ötən illərlə müqayisədə Azərbaycanda dini radikalizm təhdidləri ilə bağlı vəziyyətin xeyli yaxşılaşdığını deyən sədr müavini bunun həm inzibati, həm iqtisadi sahədə dini radikal qruplara qarşı aparılan mübarizə, eyni zamanda maarifçilik sahəsində görülən işlərlə əlaqədar olduğunu diqqətə çatdırmışdır.

 Gündüz İsmayılov onu da qeyd etmişdir ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə Azərbaycançılıq nəzərdə tutulduğunu deyən sədr müavini təəssüflə qeyd edib ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.

     Sonda çıxış edən Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dünyada, eləcə də müsəlman aləmində baş verən proseslər İslam həmrəyliyini zəruri edir. Eyni zamanda vurğulamışdır  ki, bu həmrəylik dinlərarası dialoq üçün gözəl imkan kimi dəyərləndirilməlidir. Dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi də diqqətə çatdırılıb.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Elza Kazımova

Astarainfo.az