Biləsuvarda veteranlarla görüş keçirilib

Bu gün Azəbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB), Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Biləsuvar rayonunda “Veteranlarının problemlərinin araşdırılması” adlı layihə çərçivəsində rayonun müharıbə veteranları, eləcə də keçmiş döyüşçülərlə  görüş keçirdi.

YAP Biləsuvar rayon təşkilatının inzibati binasında veteranlarla keçirilən görüşdə Biləsuvar rayon  İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini  Kamil Qurbanlı, AVMVİB -nin sədr müavini, layihə rəhbəri Vahid Abdurəhmanov, AVMVİB-nin Biləsuvar rayon təşkilatının sədri Qurban Qurbanov iştirak etmişdir.

Əvvəlcə AVMVİB -nin sədr müavini, layihə rəhbəri Vahid Abdurəhmanov  layihə barədə  iştirakçılara ətraflı məlumat verməklə, bu gün dövlətimizin bu kateqoriyadan olan insanlara hüquqi yardımın göstərilməsinin birbaşa göstəriş olduğunu vurğulamışdır.

 V.Abdurrəhmanov ətraflı çıxışında bildirmişdir ki, 1994-cü ildən-“Atəşkəs”dən üzübəri hüquqları pozulmuş veteran qardaşlarımızın, bacılarımızın haqqlarının tam hüquqi qaydada bərpası, yardım göstərilməsi və mənəvi qayğıyla bilavasitə təmin olunması İB-nin qarşıya qoyduğu prioritetlərdəndir ki, bu gün bölgə-bölgə layihə çərçivəsində onların görüşünə gəlinir və diqqətlə problemləri dinlənilir, onlara qaranlq qalan nüanslara aydınlıq gətirilir.

 Daha sonra RİHB-in məsul işçisi Kamil Qurbanlı qonaqları salamlayaraq, RİH Başçısı adından rayondakı veteranlar və vətən uğrunda canlarından keçməyə hazır olan igid döyüşülərimizin sosial qayğıları, mövcud problemləri ilə maraqlandığlarına görə AVMVİB-nin rəhbərliyinə təşəkkürünü bildirmişdir. K.Qurbanlı xüsusi vurğulamışdır ki, sözügedən insanlara-veteranlara, Qarabağ əlillərinə, şəhid ailələrinə və ümumən bu qəbildən olan insanlara daim hörmətlə yanaşılmış, müraciət və sorğularına mümkün vasitə ilə cavablar verilmiş, problemlərinə daim kömək əli uzadılmışdır.

AVMVİB-nin Biləsuvar təşkilatının sədri Qurban Qurbanov görüşdə İctimai Birliyin rəhbərinə veteranlar adından dərin təşəkkürünü bildirməklə, rayonda onların hazırkı mövcud problemləri ilə bağlı ətraflı məlumat vermişdir.  Məlum olmuşdur ki, bu günədək məlum Qarabağ döyüşlərindən 23-24 il keçməsinə baxmayaraq, həmin keşməkeşli illərdə könüllü olaraq milli orduya yollanaraq ölümlə üzbəüz çarpışan, hər an digər silahdaşları tək şəhid olacaqlarını gözləri önünə alan oğulların hərbi xidməti sənədləri, eləcə də döyüşlərdə aldıqları travma, güllə yarası və  s. xəstəlik sənədləri o vaxtlar səriştəsiz vəzifə icraçıları tərəfindən tam qeydiyyata alınmayıb, həmin  səriştəsizliyin nəticəsi isə  indi həmin ağrı-acını bədənində gəzdirən veteranlara  ikinci bir sağalmaz yara olub.

Görüşdə ürək ağrısı ilə həmin illərin dəhşətlərini dilə gətirən çiyin-çiyinə döyüşən fədakar el oğullarımız, bacımız- Həşim Əzimov, Almaz Məmmədova, Tofiq Mirzəyev, Süleyman Mahmudov və digərləri bir-bir bu günədək yaşadıqları problemlərdən söhbət açdılar.  Qonaqlar onları  maraqlandıran suallara cavab verib, narahat edən problemləri sonadək  dinlədilər.

Layihə rəhbəri AVMVİB sədrinin müavini V. Abdurəhmanov belə acınacaqlı vəziyyətdə olan veteranların problemlərin həlli üçün aidiyyatlı orqanlar qarşısında məsələ qaldıracaqlarını söylədi. O, Prezident İ. Əliyevin məmurlara dəfələrlə tapşırıqlar verməsinə baxmayaraq hələ də bəziləri köhnə üslublarından əl çəkə bilmədiklərini vurğuladı. Xüsusi qeyd etdi ki, veteranların problemlərinin bütün bölgələrdə daha çox sənədləşmənin yarıtmaz aparılması və xüsusən də ƏƏSM nazirliyinin yerlərdə yarıtmaz iş üslubu ilə bağlıdır. Və ən çox da Müdafiə Nazirliyinin Arxivlər idarəsinin kortəbii qaydada verdiyi cavablar veteranların haqlı narazılığına səbəb olan amillərdəndir.

Sonda veteranların problemləri ilə bağlı qeydiyyat aparan V.Abdurrəhmanov təşkilatın rayon nümayəndəliyinin sədri Q.Qurbanovla daha sıx əlaqələr quracağına, rayon veteranlarına biganəliyin aradan götürülməsi üçün  mümkün köməkliklərini əsirgəməyəcəklərini vurğuladı.

 Samir Qurbanov

Astarainfo.az