Qazaxıstanın paytaxtı Astana media məkanında mühüm hesab olunan hadisələrdən birinə ev sahibliyi edir. Üç gün davam edəcək Astana Media Həftəsində AZƏRTAC-ın, Azərbaycan Televiziyasının və İctimai Televiziyanın müxbirləri də iştirak edirlər.
Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayev Azərbaycan KİV-ləri ilə daha sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, türkdilli ölkələr arasında media sahəsində əməkdaşlıq xüsusi önəm kəsb edir.
Tədbirin məqsədi regional səviyyədə media sahəsində işgüzar əlaqələrin, kommunikasiya, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verməkdir.
Kazmedia Mərkəzində təşkil edilən media həftəsində televiziyaların yaradıcı heyətləri ilə görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, informasiya məkanında yeni avadanlıqların istehsalı baxımından media həftəsinin xüsusi önəmi var.
Nazir Dauren Abayev media həftəsini beynəlxalq əlaqələrin qurulması üçün əlverişli tədbir kimi dəyərləndirib. O deyib ki, Qazaxıstanla Azərbaycan arasında müxtəlif sahələrdə olduğu kimi, media sahəsində də yaxşı əlaqələr mövcuddur.
Qazaxıstanın media nümayəndələri Azərbaycanda informasiya sahəsindəki yeniliklərlə yaxından tanış olduqlarını bildiriblər. Qeyd edilib ki, Qazaxıstan tərəfi Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan da daxil olmaqla, türkdilli ölkələrin media qurumları arasında əlaqələrin inkişafında maraqlıdır.
Qazaxıstanda fəaliyyət göstərən yerli və xarici media qurumlarının, 90-a yaxın televiziya və radio kanalının, eləcə də aidiyyəti şirkətlərin nümayəndələrinin iştirak etdikləri tədbirdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.