Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sisteminin Vaşinqtonda təqdimatı keçiriləcək

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti oktyabrın 10-dan 15-dək Vaşinqtonda keçiriləcək Dünya Bankı/Beynəlxalq Valyuta Fondunun 2017-ci il üçün illik toplantısına qatılacaq. Nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə başçılıq edəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, illik toplantıda Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sisteminin təqdimatı keçiriləcək. Bu sistem icra olunan layihələrdə maliyyə şəffaflığının təmin edilməsində, dövlət və ictimai vəsaitlərə nəzarətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə etməyə imkanı verəcək.

Qeyd edək ki, Kənd İnvestisiya Layihəsi indiyədək respublikamızın 56 rayonda 2000-dək sosial-iqtisadiyönümlü icma əsaslı mikrolayihə həyata keçirib.