Bu gündən Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçirilir.

APAnın xəbərinə görə, sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilib.

Sərginin açılışında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, 3 gün davam edəcək sərgidə son illərdə Təhsil Nazirliyitərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Onun sözlərinə görə, ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edib: “Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransız-Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universiteti və ümumilikdə 14 ali təhsil müəssisəsinin stendləri yer alıb. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edəcək”.

“Caspian Event Organisers” şirkətinin baş direktoru Edvard Stoun qeyd edib ki, ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Onun sözlərinə görə, ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər: “Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq. Sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı  “Caspian Event Organisers” (“CEO”) şirkətidir”.