“Layiqli qələbə qazandığımız üçün məmnunam. Hərçənd, oyunu həddən artıq çətinləşdirməyimizi istəmirdim. Çoxluq qol imkanımız oldu. Oyunun əvvəllərində 2-3 qol vuraraq, üstünlüyü daha erkən ələ ala və işimizi rahatlaşdıra bilərdik. Lakin çoxlu qol vurmağı bacarmadıq və üstəlik, qapımıza şübhəli penalti təyin olundu. Amma hərdən belə də olur. Qələbə qazandıq və bu da mənim üçün xoşdur”.
“Report”un məlumatına görə, bunu Çexiya milli komandasının futbolçusu Yan Kopits Bakıda Azərbaycan yığmasını 2:1 hesabı ilə yendikləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib. 27 yaşlı yarımmüdafiəçi bildirib ki, bu qələbə növbəti növbəti seçmə mərhələdə komandasına kömək edəcək.
O, Bakı Olimpiya Stadionunun böyük hissəsi boş olan tribunalar önündə oynamalarında qeyri-adi bir şey görmədiyini dilə gətirib. Onun fikrincə, Çexiya çempionatında da bəzən belə hallara rast gəlinir: “Tribunada nə qədər tamaşaçının olduğunu bilmirəm. 15 min? Görünür, böyük arenada bu qədər insan itib-batıb. Amma biz buna görə heç nə edə bilmərik. Çexiya çempionatında da bəzi hallarda oyunçular bu cür ab-havada çıxış edirlər”.
O, Plzen “Viktoriya”sının heyətində özünü yaxşı hiss etdiyini söyləyib: “Əla formadayam, heç nədən qorxmuram. “Viktoriya”nın heyətində bütün oyunlarda meydana çıxıram. Azərbaycana qarşı da 90 dəqiqə forma geyindim. Bunu səbirsizliklə gözləyirdim. Amma bu, futboldur. İki oyundan sonra hər şey başqa cür ola bilər”.
Rusiyada keçiriləcək final mərhələsinə vəsiqə qazana bilməmələrinə diqqət çəkən Kopits 2020-ci il Avropa çempionatının seçmə mərhələsində daha yaxşı çıxış etməyə çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, Yan Kopits Çexiya millisinin Azərbaycan yığmasına 35-ci dəqiqədə vurduğu ilk qolun müəllifi olub.