Son günlər yağan yağışlar nəticəsində çaylarda suyun səviyyəsində ən yüksək artım oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.
Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, yağışlarla əlaqədar oktyabrın ilk 5 günü ərzində respublikanın çaylarında suyun səviyyəsi yüksəlib. Ən çox artım isə Lənkəran-Astara bölgəsindəki çaylarda olub. Bu zonada ən yüksək artım Lənkərançayda, daha sonra isə Viləşçay və Vəşərüçayda olub.
Oktyabrın 4-də axşam Lənkərançayda suyun səviyyəsi 170 sm artıb.
Əvvəlki illərdə bundan da yüksək artımların qeydə alındığını deyən A.Verdiyev əlavə edib ki, oktyabrın 5-i səhərdən etibarən çaylarda suyun səviyyəsi enməyə başlayıb. Yaxın 2-3 gün ərzində hava şəraitinin yağmursuz keçəcəyi, temperaturun yüksələcəyi gözlənildiyindən çaylarda suyun səviyyəsində azalma davam edəcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, Lənkəran və Astara çaylarında suyun səviyyəsi artdığından Lənkəran və Astarada fərdi evləri su basıb, 367 nəfər təxliyə edilib.