Rusiyada Azərbaycan istiqaməti üzrə “Tour a Vent” turoperatorunun informasiya xidmətinin yaydığı məlumata görə, oktyabrın 9-da Rusiya şəhərlərində road-şou çərçivəsində informativ biznes təqdimatları başlanacaq. Moskva, Yekaterinburq, Sankt-Peterburq və Kazanda keçiriləcək təqdimatlarda Azərbaycanın turizm potensialından danışılacaq.
Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, hər şəhərdə populyar turizm istiqaməti kimi Azərbaycanın maarifləndirici biznes-təqdimatı keçiriləcək. Tədbirin təşkilatçısı – Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı nümayəndəliyinin funksiyalarını yerinə yetirən ilk turoperator – “Tour a Vent” şirkətidir.
Road-şounun məqsədi rusiyalı turistlər üçün Azərbaycanın turizm potensialını və ölkənin regionlarında turizm imkanları spektrini təqdim etmək, Rusiyanın turizm biznes-seqmentinin nümayəndələrini əməkdaşlığa cəlb etməkdir.
“Şahdağ” turizm mərkəzi, “Qafqaz” və “Absheron Hotel Group” otellər şəbəkəsi, “Fairmont”, “Rixos”, “Naftalan Qashalti” və digər otellər təqdimatlarla çıxış edəcək.
Tədbir hər şəhərdə milli şirniyyatların qoyulduğu çay süfrəsi ilə başa çatacaq.