Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublika çaylarında, xüsusən də Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.
Bu barədə “ölkə.Az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin məlumat verilib.
Məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-180, Kiçik Qafqazın çaylarında 120-280, Lənkəran-Astara bölgəsi çaylarında 200-600 , Naxçıvan MR çaylarında isə 190 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 145 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 137 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 42 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 146 m3/s olmaqla, ongünlük normanın 153 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 18, Salyanda 14, Araz çayının Novruzlu məntəqəsində 40 sm artım, Bankədə isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 436 sm (2016-cı il oktyabrın 06-da 433 sm), Şirvanda 313 sm, Salyanda 264 sm (2016-cı il oktyabrın 06-da 321 sm), Bankədə 213 sm (2016-cı il oktyabrın 06-da 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2016-cı il oktyabrın 06-da 160 sm) təşkil edir.