Oktyabrın 13-də “Vətənin Tərənnümü” müsabiqəsinin yekun sərgisi keçiriləcək.
Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bildirilir ki, 2017-ci ilin iyul ayında Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin Tərənnümü” devizi altında etüd müsabiqəsi elan olunub. Müsabiqənin yekun sərgisi oktyabrın 13-də Xətai Sənət Mərkəzində keçiriləcək.
Məqsəd cəmiyyətdə doğma yurda sevgi və vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etməkdir.
150-dən çox rəssam öz canlı müşahidələri əsasında ərsəyə gətirdiyi 350-yə yaxın təbiət mənzərələri etüdlərini müsabiqəyə təqdim ediblər. Yekun sərgidə isə 46 rəssamın, münsiflər heyəti tərəfindən seçilmiş 80-ə qədər etüdü nümayiş olunacaq. Eyni zamanda, sərgidə korifey sənətkarlarımızın etüdlərindən bəzi nümunələr də sərginin ekspozisiyasında yer alacaq.
Sərginin açılışından bir gün sonra “Rəssamlıqda etüdün rolu” mövzusunda rəssamların və sənətşünasların iştirakı ilə dəyirmi masa keçiriləcək. Bundan başqa, müsabiqədə münsiflər heyətindən daha çox xal toplamış etüdçülərin bir qismi Azərbaycanın rayonlarından birinə səfər edərək etüd çəkmə şansı qazanacaq.
Müsabiqənin I, II, III yerlərinə layiq görülmüş qalibləri və çox xal toplayanlar həvəsləndirici mükafatlar və diplomlarla təltif olunacaqlar.