Azərbaycana daimi yaşamağa gələnlərin sayı gedənlərin sayından 2 dəfə çoxdur

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən daimi yaşamaq üçün gedənlərin sayından təxminən 2 dəfə çoxdur.

2016-cı ildə Azərbaycana daimi yaşamaq üçün 3233 nəfər gəlib, daimi yaşamaq üçün isə ölkədən 1711 nəfər gedib.

Ölkəyə daimi yaşamaq üçün gələnlər daha çox 30-39 yaşlılar olub. 2016-cı ildə ölkəyə daimi yaşamaq üçün 30-34 yaşlı 474, 35-39 yaşlı 445 nəfər gəlib.

Ölkədən daimi yaşamaq üçün gedənlər daha çox 20-29 yaşlı gənclərdir. 2016-cı ildə Azərbaycandan 20-24 yaşlı 364, 25-29 yaşlı 357 nəfər gedib.

Ölkəyə daimi yaşamaq üçün gələnlər daha çox şəhər yerlərini seçirlər. Ötən il daimi yaşamaq üçün gələnlərin 2057-i şəhərləri, 1176-sı kəndləri seçib.

Ölkədən daimi gedənlər arasında da şəhər yerləri üzrə göstərici üstünlük təşkil edir. Ötən il ölkədən daimi gedənlərin 1079 nəfəri şəhər, 632 nəfəri isə kənd sakini olub./Trend.az/