Valideynləri İŞİD-ə qoşulan azərbaycanlı uşaqlar Abdulla və Xədicənin Azərbaycana gətirilməsi üçün danışıqlar davam etdirilir.

Astarainfo.az Modern.az-a istinatən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, həmin şəxslərlə uşaqlar arasındakı qohumluq əlaqələrinin müəyyən edilməsi istiqamətində dəqiqləşmələr aparılır, zəruri addımlar atılır. Azərbaycanın İraqdakı səfirliyi də məsələni daim diqqətdə saxlayır və həmin ölkənin müvafiq orqanları ilə davamlı təmasdadır”.

Nazirlik rəsmisi azyaşlıların ölkəmizə gətirilməsi prosesinin uzun müddət almasına da münasibət bildirib:
“Bu kimi hallarda dövlətlərarası münasibətlər zəminində prosedurlar var. Məsələ o prosedurlara uyğun olaraq dövlətlərarası konsulluq münasibətləri zəminində həllini tapmalıdır. Nəzərə almaq lazımdır ki, uşaqlar digər ölkənin ərazisindədir və həmin ölkənin ərazisində gedən proseslərin əhəmiyyəti olduqca vacib və önəmlidir”.

Xatırladaq ki, adıçəkilən körpələr İraqın Telafer şəhərindən xilas edilərək, Bağdada gətiriliblər. İlk dəfə Rusiya televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər.

Onların valideynlərinin İŞİD terror təşkilatına qoşulduğu və daha sonra öldürüldüyü bildirilir.