Bu bitki elmə XIX əsrdən məlumdur, həmişəyaşıl ağaclar sinifinə aiddir. Əsl vətəni Cənubi Amerika hesab olunur, Braziliya, Kolumbiya, Uruqvay və Argentinanın şimal hissəsində yetişdirilir. Azərbaycana ilk dəfə 1928-ci ildə gətirilərək cənub rayonlarında yayılmağa başlayıb.
Yalnız subtropik iqlimdə yetişən bu meyvənin sovet dövründə şəxsi həyətlərdə genişləndirilməsinə o qədər də imkan verilməyib. Yalnız bir neçə sovxoz təsərrüfatı mövcud olub, onlar da dövlət planlarını yerinə yetirməklə məşğul olub. Torpaq islahatları həyata keçiriləndən sonra əhaliyə verilən pay torpaqlarında bu bitki sürətlə yayılıb.
2017-cu ilin statistik göstəricilərinə görə, Astarada 548.8 hektar feyxoa bağları var, onlardan 409.2 hektarı bar verən bağlardır, 139.6 hektarı isə yeni salınmış bağlardır.
Ötən il bölgədə 4989.1 ton məhsul istehsal olunub. Məhsulun satışında heç bir problem yoxdur. Cənub bölgəsində bir çox torpaq adamları deyirlər ki, ilin əvvəlində – məhsul yetişməmişdən bir çox tədarükçülər gələrək beh verirlər.
Astara rayon Kənd Təsərrüfatı idarəsindən aldığımız məlumata görə, hazırda Kijəbə qəsəbəsi 1 ton, Siyəkü kəndi 35 ton, Astaraçay MMC-nin feyxoa bağlarından isə 2 ton 100 kq məhsul götürülmüşdür. Astarada əsas feyxoa bağları Kijəbə və Siyəku ərazilərində müşahidə olunub. Hazırda məhsulun orta hesabla satışı qiyməti 2 manatdır.
Müşahidələr göstərir ki, son illər yaxın Rusiya ilə yanaşı uzaq Avropa ölkələrində bu məhsula ciddi təlabat yaranıb. Lakin dünya standartlarına cavab verən qablaşdırma, daşıma infrasturukturunun olmaması məhsulun potensialını aşağı salır. Hələlik ölkədə yığılan feyxoanın cüzi hissəsi xaricə satılır.
Tibbi əhəmiyyətinə gəldikdə isə, feyxoa insan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitkidir. Tərkibi faydalı elementlər – yod, C vitamini ilə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdir. Şəkər, qan təzyiqi, mədə-bağırsaq xəstəliklərinin ən yaxşı əlacıdır. Feyxoa meyvələri və onlardan alınan təzə şirə ateroskleroz, tireotoksokoz və sinqa xəstəliklərinin müalicəsi üçün əhəmiyyətli vasitədir. Ona görə də son illər feyxoanın konservləşdirilmiş şirəsindən daha geniş istifadə edilir.
Müasir dövrdə yod çatışmazlığı, maddələr mübadiləsinin pozulması, yüksək təzyiq, qastrit, qalxanvari vəzini, pielonefrit kimi xəstəliklərdən əziyyət çəkənlərə feyxoa və ondan hazırlanmış məhsulları məsləhət görürlər. Tibb adamları orqanizmi yodla təmin etməsinə görə onu hətta dəniz məhsulları ilə müqayisə edirlər. Feyxoa özündə 93 mineral maddəni cəmləşdirir, tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, alma turşusu da var. Feyxoa yağı müasir kosmetologiyada dəri ilə bağlı problemlərin ən əlverişli çıxış yolu hesab edilir.
Lənkəran və Astarada bu meyvə əsas təsərrüfat sahəsi olmaqla camaatın əsas məşğuliyyət və gəlir yeridir. Artıq tezyetişən sortların yığımına başlanılıb. Yol kənarlarında bağlardan yığılmış ilk məhsulun satışına başlanılıb.
Feyxoa əkininə maraq ildən-ilə artır və bunun da iki mühüm səbəbi var: birincisi, daimi bazarının olması, istənilən vaxt əlverişli qiymətə satılması, ikincisi isə aqrotexniki qulluğa o qədər də təlabkar olmaması. Başqa sözlə, feyxoa ağacı sahibindən o qədər də ağır əziyyət tələb etmir. Onu hətta çay, limon, narıngi üçün yararlı olmayan torpaq sahələrində belə əkmək mümkündür. Feyxoanı o biri sitrus bitkiləri kimi şaxtadan qorumaq da lazım gəlmir.Yalnız qarlı havalarda örtüklə bürümək lazımdır ki, qarın ağırlığı məhsuldar budaqları sındırmasın”.
Adətən, oktyabr ayının ortaları və noyabr ən məhsuldar dövrdür. Aqrar məsləhətçi deyir ki, artıq indidən bağlarda məhsul yığıla-yığıla gələn ilki mövsümə hazırlıqlar da başlayıb: “Torpaq adamları arasında maarifçilik işi aparırıq ki, bağların məhsulunu yığan kimi alaqların təmizlənməsinə, çürümüş gübrə verilməsinə və qış şumunun aparılmasına başlasınlar. Bunları etsələr, gələn il daha yüksək məhsuldarlıq əldə edəcəklər. Yeni feyxoa bağları salmaq istəyənlərə isə məsləhət görürəm ki, tingin düzgün seçilməsinə, əkin sahəsinin hazırlanmasına diqqət yetirsinlər”.
Feyxoa əkildiyinin 3-4-cü ilində qismən, 5-7-ci ilində isə tam məhsula düşür. Məhsul verənə qədər ildə aqrotexniki qulluq işlərinə də 800-1100 manat pul xərcləmək lazım gəlir. Bir ildə bir feyxoa ağacına 5 manat xərc gedir, əldə olunan gəlir isə 25-30 manat arasındadır. İqlim şərtələrindən, qulluqdan asılı olaraq işlər yaxşı getsə, bir hektardan 25-30 ton məhsul götürmək mümkündür.
Və sonda feyxoa bitkisinin adı haqqında. Bu bitki ilk dəfə onu tədqiq etmiş braziliyalı təbiətşünas Joao da Silva Feyxonun şərəfinə adlandırılıb. Cənab Feyxonun bu bitkinin tərkibinin müəyyən edilməsi və təbliğində əvəzsiz rolu olub.
Sonda qeyd edək ki, məhsul yığımı davam edir.
Astarainfo.az