Hər il oktyabrın 11-də qeyd edilən Beynəlxalq Qızlar Günü bu il qızların hüquq və imkanlarının genişləndirilməsi, fövqəladə hallara reaksiya və dözümlülüyün möhkəmləndirilməsi üzrə tədbirlərin planlaşdırılması mövzusuna həsr edilib.
Astarainfo.az AZƏRTAC -a istinadən xəbər verir ki, YUNESKO-nun baş direktoru İrina Bokova bu əlamətdar gün münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd edilir ki, silahlı münaqişənin və ya təbii fəlakətin nəticəsi olan humanitar böhranlardan hamıdan çox qadınlar və qızlar əziyyət çəkir. Qaçqın və məcburi köçkünlərin, müharibə, aclıq, təqib və ya təbii fəlakətlər səbəbindən təhlükə altında olan insanların 75 faizi onların payına düşür. Onlar münaqişə vaxtı, habelə qaçqın düşərgələrində zorakılığa və istismara da məruz qalırlar. Builki günün mövzusu YUNESKO-nun tərəfdar olduğu fikirlər, o cümlədən qızların münaqişələrdən və zorakılıqdan qorunması, eyni zamanda, onların dözümlülüyünün artırılması, vasitəçilik proseslərində və danışıqlarda tamhüquqlu iştirakının təmin edilməsi fikirləri ilə səsləşir. Qadın və qızların hüquq və imkanlarının genişləndirilməsi “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də nəzərdə tutulan müddəaların həyata keçirilməsində mühüm rol oynayır.
Müraciətdə vurğulanır ki, sülh quruculuğu məsələlərində qızların hüquq və imkanlarını genişləndirmədən cəmiyyətin tərəqqisini, sülh sazişlərinin möhkəmliyini təmin etmək mümkün deyil. Müraciətin tam mətnini YUNESKO-nun saytından oxumaq olar.