Zahiri görkəmi ilə murdarçanı xatırladan çaytikanı əsasən çaylaq yerlərdə, çay və göl kənarlarında bitir, meyvələri ananas dadı verir. Quşlar onun meyvələrini xüsusilə çox sevirlər. At və qoyunlar çaytikanı yarpağı yeyəndə onların tükü və yunu parlaq olur. Meyvələrindən jele, kisel, kompot, şirə və mürəbbə hazırlanır.
Astarainfo.az AZƏRTAC-a istinadən bildirir ki, işıqsevən və soyuğadavamlı bitki olan çaytikanının 45 dərəcə və hətta ondan da aşağı şaxtaya davamlılığı onun şimal regionlarında yetişməsinə imkan verir. Bol orqanik maddələr və fosfor olan yumşaq torpaqlarda daha yaxşı yetişir. Bitkinin meyvə və yağının şəfaverici xüsusiyyəti aşkar olunandan sonra plantasiyalarda da yetişdirilməyə başlanılıb.
Tərkibindəki bioloji aktiv maddələr dəri yanıqları zamanı regenerasiya prosesini sürətləndirir. Çaytikanı yağının tərkibindəki sterin maddəsi yaranın sağalmasını sürətləndirir. Çaytikanı yağı antibakterial təsirə malik olduğuna görə onun preparatları qızılı stafilokok, eşerixiya, protozoyların və hemolitik streptokokların inkişafına mane olur.
Tərkibindəki tokoferol maddəsi sayəsində qaraciyərin lipid-maddələr mübadiləsinə təsir edir, lipidlərin hüceyrə membranında oksidləşmə-reduksiya proseslərinə təsir edərək bioloji membranı kimyəvi amillərin təsirindən qoruyur.
Çaytikanı yağının istifadəsi yanıqda, trofik yara və ölü dəri epitelizasiyasına yardım edir, yataq yarası, irinli yaraları tez sağaldır. Ginekologiyada uşaqlıq boynunun eroziyası, digər iltihabi xəstəliklər zamanı tətbiq edilir. Göz yanıqlarında terapevtik effektivliyə malikdir. Regenerativ tərkibinə görə oftalmologiyada gözün buynuz qişanın infiltirat dərəcəsini aşağı salmaq üçün çaytikanı yağından istifadə edilır. Çaytikanı yağı mədənin və onikibarmaq bağırsağın xorasının müalicəsində yüksək səmərə verir və mədə turşusunun tərkibi dəyişmir.
Lakin kəskin xolesistit, hepatit, pankreatit və digər mədəaltı vəzi xəstəliklərində, ishala meyllilik zamanı ondan istifadə etmək olmaz. Hiperasid qastritdə mədə şirəsinin sekresiyasını artırdığına görə çaytikanı yağından istifadə etmək əks göstərişdir.
Yaxşı yetişmiş meyvələr suyun içinə qoyularaq zəif ocaqda 20 dəqiqə bişirilir, əzilir, süzgəcdən keçirilir, öz çəkisi qədər şəkər tozu əlavə edilir, ağzı bağlı qabda saxlanır, yorğunluq və ümumi halsızlıq zaman jele şəklində qəbul edilir. Çaytikanı yağı kamfora yağı ilə qarışdırılandan sonra sinə və kürək nahiyəsi ovulur.
Yarım stəkan çaytikanı yağı 2 xörək qaşığı kamfora yağı ilə qarışdırılıb axşamlar içilməsi çətin sağalan və hətta ağır xəstəlikdən sonra qalan öskürək zamanı tətbiq edilir.
500 qr süd və 4-5 xörək qaşığı çaytikanı ləti mikserlə qarışdırılır, şəkər tozu qatılır, iri qədəhlərdə süfrəyə verilir. 3 stəkan çaytikanı ləti, 50 qram bal, yarım stəkan nanə dəmləməsi və 1 stəkan su qarışdırılaraq soyuducuda 2 saat saxlanandan sonra süfrəyə verilir.