“Cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.
Nazir bildirib ki, ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Onun sözlərinə görə, bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib. Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub.
“Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir”, – deyə nazir vurğulayıb.
Ə. Qarayev ölkəmizin regionlarında da turizmin inkişaf etdiyini diqqətə çatdırıb. O bildirib ki, yay mövsümündə regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub: “Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır. Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq”.
Nazir əlavə edib ki, ölkəmizin turizm sənayesi dünya turizm sənayesinin ayrılmaz tərkib hissəsidir, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...