Astarainfo.az xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının ən ünlü simalarından biri,çağdaş poeziyamızın təkrarsız siması ,xalq şairi Məmməd Araz  Lənkəranda ehtiramla anılıb.
Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” fondu,Respublika Yazıçılar Birliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində   keçirilən  “Məmməd Araz”poeziya günündə Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyəti də fəal  iştirak edib. İştirakçılar ilk öncə mərkəzin foyesində təşkil olunmuş kitab sərgisində şair M.Arazın müxtəlif illərdə çap olunmuş kitabları ilə tanış olublar.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin üzvü,M.Araz irsinin yorulmaz tədqiqatçısı Qardaşxan Əzizxanlı açaraq şairin mənalı həyat yolu,ədəbi irsi,təkrarsız poeziya nümunələrindən ətraflı bəhs edib.
Sonra Məmməd Araz yaradıcılığına həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.LDU-nun Azərbaycan Dili və Ədəbiyyatı Müəllimliyi fakültəsinin 2-ci tədris ili tələbəsi Nihad Piriyev 1-ci yeri tutaraq xüsusi mükafata –M.Araz adına “Qartal” mükafatına ,fəxri fərman və diplomlara,”Bilik” fondunun xatirə hədiyyələrinə, eyni zamanda pul mükafatına layiq görülüb.Onun kurs yoldaşları  Cavidan Cəfərov ikinci,Məlahət Əhmədova 3-cü dərəcəli diploma və xatirə hədiyyələrinə layiq görülüblər.Qaliblərə hədiyyələri  Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh  Qaraşov və millət vəkili, yazıçı Aqil Abbas təqdim ediblər.
Tədbirdə çıxış edən  LDU-nun prorektoru,filologiya elmləri doktoru Yədulla Ağazadə Məmməd Araz yaradıçılığının bədii xüsusiyyətlərini ətraflı şərh edib,şairlə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşıb.
LDU-nun tələbələrinin ifasında səslənən  şairin vətənpərvərlik ruhlu şerlərindən ibarət ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Şairin doğmaları  adından çıxış edən millət vəkili,yazıçı-publisist Aqil Abbas  belə görüşlərin,tanınmış şairlərin poeziya günlərinin milli dəyərlərimizin formalaşmasında,vətənpərvərlik,milli təəssübkeşlik hisslərinin gənc nəslə aşılanmasında   vacib rol oynadığını deyib, tədbirin təşkilatçılarına , həmçinin  poeziya günündə fəal iştiraklarına görə LDU kollektivinə  minnətdarlıq bildirib.

Esmira İsmayılova

Astarainfo.az