Bu gün Azərbaycan ictimaiyyətində Avropa Şurasına qarşı böyük etiraz var. Daxili və xarici siyasətində hər zaman Avropaya inteqrasiya yolunu tutan, Avropa Şurası ilə ikitərəfli əlaqələrə həssas yanaşan ölkəmiz təəssüf ki, zaman-zaman qarşı tərəfdən haqsız və ədalətsiz münasibətlə üz-üzə qalır. Elə bugünlərdə AŞPA-da həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” qətnamənin qəbul edilməsi qurumun ölkəmizə qarşı sərgilədiyi qərəzli münasibətin bariz nümunəsidir.
Bu fikirləri Trend-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadənin sözlərinə görə, bu gün ölkə daxilində, xüsusilə də xaricdə ölkəmizin sürətli inkişafını gözü götürməyən antiazərbaycan ünsürlər var: “Azərbaycan malik olduğu enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edərək Avropanın etibarlı enerji təchizatçısına çevrilməkdədir. Həyata keçirilən qlobal layihələr bu reallığı bir daha ortaya qoyur. Təəssüf ki, Avropada bəzi dairələr ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu həzm edə bilmirlər. Ona görə də bəzən bu cür qətnamələrin qəbul edilməsinin şahidi oluruq. Birmənalı şəkildə vurğulayıram ki, bu dairələrin arxasında erməni lobbisinin və erməpərəst qüvvələrin barmağı var. Bu isə AŞPA-nın qərəzli dairələrin əlində alətə çevrildiyini bir daha təsdiqləyir. Məhz antiazərbaycan, ermənipərəst qüvvələrin xüsusi “fəallığı” sayəsində zaman-zaman ölkəmizə qarşı çirkin kampaniya həyata keçirilir. Ancaq AŞPA-nın ölkəmizlə bağlı məlum qətnamələri yalnız qurumun fəaliyyətinə kölgə sala bilər.”
YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Avropa Şurasında İslam ölkələrinə qarşı böyük bir qərəz hiss olunur: “Bu gün Avropada hökm sürən islamofobiya, kssenofobiya dünya üçün böyük təhlükədir. Bu halda hansı insan hüquq və azadlıqlarından danışmaq olar? İnsanlar arasında dini, irqi ayrı-seçkilik qoymaq hansı Avropa dəyərlərinə uyğundur? Təbii ki, AŞPA qarşısında bu kimi bir çox məsələni qaldırmaq olar. Hər bir halda hesab edirəm ki, AŞPA-nın məlum qətmanələri Avropa dəyərlərinə, demokratik prinsiplərə xəyanətdir.”
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürüdür və heç kimin ölkəmizin daxili işlərinə qarışmağa haqqı yoxdur: “Qeyd etdiyim bu və digər məqamlar beynəlxalq hüququn təməl prinsiplərində öz əksini tapıb. Təəssüf ki, bu gün biz dünyada arıtq “beynəlxalq hüquq” anlayışının arxa plana keçdiyini görürük. Bu gün “beynəlxalq hüquq” müstəqil və balanslaşdırılmış siyasət yürüdən dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilib. Bu isə qəbuledilməzdir. İstər AŞPA, istəsə də başqa bir beynəlxalq qurum Azərbaycanla zor dilində danışa bilməz. Bizim öz siyasətimiz, öz yolumuz var. Təbii ki, bu siyasət demokratik prinsiplərə, bəşəri dəyərlərə, dövlətçilik və milli maraqlar əsaslanır.”
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...