Prezident İlham Əliyev bu gün Azərbaycanın yeni energetika naziri təyin edib. Ölkə başçısının sərəncamı ilə Pərviz Oqtay oğlu Şahbazov bu vəzifəyə təyinat alıb. Qeyd edək ki, keçmiş energetika naziri Natiq Əliyev bu il iyunun 8-də vəfat edib.
Yeni nazir Pərviz Şahbazov kimdir?
Modern.az saytının məlumatına görə, Pərviz Şahbazov Azərbaycan Respublikasının Almaniyadakı keçmiş səfiri olub. O, 2016-cı ilin sentybrında səfir vəzifəsindən geri çağırılmışdı.
Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.
1991-ci ildən diplomatik xidmətə qəbul olunub.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.
1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayında Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
2016-cı il sentyabrın 6-da səfir vəzifəsindən geri çağırılıb.
Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir.