Azərbaycanda gözdən əlillərin sayı açıqlanıb

“Son illər qohum evlilikləri nəticəsində gözdən əlillik artır. Bu gün Azərbaycanda 40 minə yaxın gözdən əlil var”.
Astarainfo.az APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev deyib. O bildirib ki, gözdən əlillərdən 8 minə yaxını uşaqdır: “Bir çox ölkələrlə müqayisədə bu göstərici aşağıdır, lakin bununla kifayətlənməyib, mütəmadi tədbirlər görmək lazımdır. Gözdən əlilliyin əsas səbəblərindən biri qohum evliliyidir. Qohum evlilikləri 90-95 faiz hallarda əlilliklə nəticələnir. Bunun nəticəsində son illər Azərbaycanda da gözdən əlillik ildən-ilə artır. Son illər bütün dünya ölkələrində ekoloji tarazlığın pozulması, atmosferin çirklənməsi, insanların həyat tərzi onların sinir sisteminə təsir edir və nəticədə görmə problemləri yaranır. Ümumilikdə bu gün dünyada 500 milyondan çox insan görmə xəstəliklərdən əziyyət çəkir”.