Belorus prezidenti Azərbaycan parlamentinin sədri Oqtay Əsədovu qəbul edib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Belorus prezidentinin rəsmi internet səhifəsi məlumat yayıb. Görüşdə Lukaşenko deyib: “Azərbaycan və Belorus parlamenti ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verə bilər”.

Dövlət başçısı bildirib ki, “deputat çörəyi”nin nə olduğunu təcrübəsindən yaxşı bilir: “Mən parlamentlərin imkanlarını da bilirəm. Bir çoxları deyə bilər ki, Azərbaycan və Belorus parlamentləri Qərbdəki kimi rol oynamır. Allah qorusun. Parlament hakimiyyətin qanunverici orqanıdır, onun funksiya və öhdəlikləri var. Bu ali qanunverici orqandır. Onlar yazmalı, xalqın dilindən danışmalı, qanun yaratmalıdırlar. Bundan başqa Konstitusiyaya uyğun olaraq digər problemləri həll etməlidirlər”.

Belorus prezidenti Azərbaycan respublikasının lideri İlham Əliyevlə xoş münasibətdə olduğunu bir daha vurğulayıb: “Düşünürəm ki, parlamentlər iki ölkə münasibətinə töhfə verə bilər. Məsələn mən, parlamentarilərin və parlamentin dediyinə qulaq asıram. Bilirəm ki, İlham Əliyev bu məsələdə çox demokrat insandır. O, təhsilli və intellegent insandır. Əgər nəsə faydalı bir şey olsa, Azərbaycan prezidenti bunu dinləyir”.

Lukaşenko qeyd edib ki, Azərbaycan və Belorus bir çox sahədə əməkdaşlıq edir: “Biz bir-birimizə tam etibr edirik. Biz müştərək şirkətlər qurur və üçüncü ölkələrlə ticarət aparırıq. Biz sizinlə cənuba, şərqə gedirik. İqtisadiyyatda bu siyasətə sadiq qalacağıq.  Bizim ticarətimiz və hərbi-texniki sahədə əməkdaşlığımız inkişaf edir. Biz bunu heç kəsdən gizlətmirik”.

Belorus lideri xatırladıb ki, Soçidə MDB ölkələrinin sammitində İlham Əliyevlə müxtəlif formatlarda fikir mübadiləsi aparıb. Prezidentlər kifayət qədər uzun müddət söhbət ediblər və müəyyən məsələləri müzakirə ediblər: “Mən bilirəm ki, azərbaycanlılar sülhsevər xalqdır. Qarabağ probleminə baxmayaraq, siz bu məsələdə sülh mövqeyində dayanmısınız”.

Lukaşenko Azərbaycan prezidentinə əməkdaşlığa görə ən xoş sözlərini çatdırmağı xahiş edib.