Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək.
Astarainfo.az“Report”-a istinadən xəbər verir ki, ikinci oyun günündə “Zirə” “Kəpəz”i, “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.
Cari çempionatda məğlubiyyət üzü görməyən iki komandadan biri olan “Zirə” ilk dövrədə 3:0 hesabı ilə məğlub etdiyi “Kəpəz”lə növbəti duelin də favoritidir. Düzdür, gəncəlilər son turda səfərdə “Qəbələ”ni məğlub etməklə sürprizə imza atıblar. Lakin qəsəbə təmsilçisi indiyə qədər evdə bu rəqibə uduzmayıb və 4 matçdan 2-də qalib gəlib. Ümumiyyətlə, bu kollektivlərin son 5 qarşılaşmasında qol vuran komanda “quru” hesabla qələbə qazanıb. Əvvəlki 9 dueldə tərəflərdən hərəsi 3 dəfə 3 xal əldə edib.
Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Qəbələ”nin dueli də maraqla gözlənilir. Qonaqlar ilk dövrədə evdə rəqibi bir cavabsız qolla məğlub etsələr də, bu kollektivlərin son 9 qarşılaşmasında meydan sahibi olan komanda uduzmayıb. “Qəbələ” indiyədək baş tutan bütün oyunlarda qol sevinci yaşayıb. “Sumqayıt” “qırmızı-qaralar”a qarşı keçirdiyi 21 oyundan 2-də qalib gəlib, 14 dəfə məğlub olub.
Azərbaycan Premyer Liqası
VIII tur
14 oktyabr (şənbə)
16:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu
18:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”
Xal durumu: “Qarabağ” – 19, “Zirə” – 15, “Qəbələ” – 13, “Sumqayıt” – 10, “İnter” – 8, “Səbail” – 6, “Neftçi”, “Kəpəz” – 4.