Gürcüstanda 200-dən çox seçki məntəqəsi Azərbaycan dilində seçki bülletenləri ilə təmin olunacaq

Gürcüstanda oktyabrın 21-də keçiriləcək yerli idarəetmə orqanlarına seçkilər üçün bu gündən seçki bülletenlərinin çapına başlanılıb.
APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib ki, ümumilikdə 9 546 450 bülleten çap olunacaq: “Bülletenlərin çapı doqquz nəşriyyatda beynəlxalq və yerli müşahidəçilərin nəzarəti altında həyata keçiriləcək. Seçicilərə seçki məntəqələrində partiya və ya seçki blokunun, sakrebulonun majoritar qaydada üzvünün və şəhər meri və rayon icra başçısının seçilməsi üçün üç növ bülleten təqdim olunacaq”.
Onun sözlərinə görə, bülletenlər Azərbaycan və erməni dillərində də çap olunacaq.
“Gürcü-Azərbaycan dilində çap olunacaq bülletenlər 208, gürcü-erməni dilində olanlar isə 133 seçki məntəqəsinə paylanılacaq. Həmçinin dörd seçki məntəqəsi üçün gürcü-Azərbaycan-erməni dilində bülletenlər çap olunacaq”, – deyə A.Mikeladze söyləyib.
Qeyd edək ki, son seçki siyahısında 3 440 123 nəfər seçici qeydiyyata alınıb.