Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş İsveçrə, Norveç, Moldova, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliya Səfirlikləri, Park Cinema, Landmark mehmanxanası, “United Cultures”, Bakı Media Mərkəzi, YARAT ilə birgə əməkdaşlıqda və Türk Hava Yollarının dəstəyi ilə ilk dəfə İMAGİNE Avro Tolerantlıq Festivalı keçirir. IMAGINE Avropa Tolerantlıq Festivalının məqsədi müxtəlif incəsənət nümunələri ilə mədəniyyətlərarası dialoq və tolerantlığın dəyərlərini təşviq etməkdir.
SalamNews xəbər verir ki, festival çərçivəsində Belçikalı rejissorun iki suriyalı qaçqının həyatından bəhs edən “Həyat üçün ölmək” sənədli filmi nümayiş etdirilib.
Filmin rejissoru Andres Lübbert Azərbaycanda ilk dəfə olduğunu bildirib və burda olmaqdan böyük məmnunluq duyduğunu dilə gətirib: “ Festival vasitiləsilə Azərbaycanla, Bakı ilə tanış olmaq şansım yarandı. Avropa ilə Asiyanın mərkəzində yerləşən çox maraqlı ölkədir”.
Andres Lübbert deyib ki, Belçika İraqdan, Əfqanıstandan, Suriyadan çoxlu sayda qaçqın qəbul edib: ” Bizə üz tutan insanlara əl tutmalıyıq, onların köməyə, dəstəyə ehtiyacları var. Müharibələr, iğtişaşlar nəticəsində dərin yaralar aıblar. İnsanlar arasında qərəzlilər çoxdur. Saqqal saxlayan hər kəsi terrorist adlandırırlar. Filmi ərsəyə gətirməkdə məqsədim insanlar arasında tolerantlığı təbliğ etmək, hər saqqalı olan şəxsin, qaçqının terrorist olmadığını göstərməkdir. Ümid edirəm ki, film bu istiqamətdə kiçik də olsa, töhfə verəcək. Unutmamlıyıq ki, həmin qaçqınlar məcbur olduqları üçün ailələrini, sevdiklərini, vətənlərini tərk edirlər”.
Bildirək ki, film Suriyadan Belçikaya üz tutmuş iki şəxsin Belçikada həyatlarından, Suriyada yaşadıqları çətinliklərdən bəhs edir.
IMAGINE Avropa Tolerantlıq Festivalı oktyabrın 20-dək davam edəcək. Bu, Azərbaycanda indiyədək keçirilmiş ən böyük Beynəlxalq Festivallardandır.
Festival günlərində 34 film nümayiş etdiriləcək, Belçika, Latviya, Litva, Polşa, İsrail, eləcə də Azərbaycandan olan tanınmış film rejissorları, produser və aktorlarla 9 debat sessiyası keçiriləcək, ölkədə səfərdə olan musiqiçilərin iştirakı ilə 6 konsert, 2 seminar və 1 teatr tamaşası təşkil ediləcək. Oktyabrın 18-də Festival çərçivəsində tolerantlıq mövzusunda İmagine Foto/Video müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
IMAGINE Avropa Tolerantlıq Festivalı “Landmark” hotelində və Park Cinema Flame Towers-də keçirilir. Bütün filmlərə giriş pulsuz olacaq və “yer birinci gələnindir” prinsipi ilə xidmət göstəriləcək. İmagine Festivalı digər sənədli film festivalları olan DokuBaku Sənədli Film Festivalı və Mitskeviç Fondu ilə Polşa Səfirliyi tərəfindən təşviq olunan “Sosial Dəyişiklik üçün Kino” ilə paralel keçiriləcək.
IMAGINE Avropa Tolerantlıq Festivalı ilə DokuBaku Sənədli Film Festivalının, eləcə də Sosial Dəyişiklik üçün Kino Festivalının tam proqramını Aİ Nümayəndəliyinin internet səhifəsindən https://eeas.europa.eu/delegations/azerbaijan və ya Aİ Nümahəndəliyinin dəstəklədiyi www.sizinavropa.eu internet səhifəsindən əldə etmək olar.