Qırğızıstanda prezident seçkilərinin qalibi məlum olub – YENİLƏNİB-1 Böyüt

Oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərində 900 mindən çox seçici hakim Sosial Demokrat Partiyasının namizədi, 59 yaşlı Soornbay Jeenbekova səs verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası məlumat verib.
“Son hesablamalara görə, səsvermədə 1 milyon 692 min nəfər iştirak edib, onlardan  917 mini S. Jeenbekovun lehinə səs verib. Beləliklə, Soornbay Jeenbekov 55 faizə yaxın səs qazanıb”, məlumatda deyilir.
Qeyd edək ki, Qırğızıstan prezidentliyinə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Ölkə qanunvericiliyinə əsasən, Qırğızıstan MSK-sı 20 gün ərzində seçkilərin yekun nəticələrini elan etməlidir.
***
19:15
Qırğızıstanda 1,5 milyondan çox səs sayılıb, hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov səslərin 55 faizini qazanıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayldabekova bildirib.
Prezident seçkilərində qeydə alınmış 3 milyon 25 min 770 seçicidən 1 milyon 557 min 225 seçici səsvermədə iştirak edib. Sayılması başa çatmış 1,5 milyondan çox səsin 885 min 649-nu S. Jeenbekov qazanıb. MSK sədri bunun sayılan səslərin 55 faizini təşkil etdiyini söyləyib.
S. Jeenbekovun əsas rəqibi olan müxalifət liderlərindən Omurbek Babanov 529 min 118 səs toplayıb. Bu, səslərin 33 faizini təşkil edir.
***
saat 18.54
Qırğızıstanda səslərin 47 faizi, yəni 486 min səs sayılıb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qırğızıstan Mərkəzi Seçki Komissiyası bu səslərin 233 minini hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekovun qazandığını açıqlayıb.
İkinci yerdə müxalifət liderlərindən Omurbek Babanov qərarlaşıb. Səslərin sayılması davam edir.
Qeyd edək ki, prezident postu uğrunda mübarizəyə 11 namizəd qatılıb. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib.
Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilib. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür.