Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Özbəkistana səfərə yola düşür.
Səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini işlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi ilə birlikdə bu ilin oktyabr ayının 18-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirəcəyi “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi İli çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə keçirilmiş beynəlxalq tədbirlərin ardınca Daşkənddə baş tutacaq “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfransda Azərbaycan Milli Məclis üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin səfər çərçivəsində Buxara və Səmərqəndi ziyarət etməsi planlaşdırılır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycan nümayəndə heyətinin Özbəkistanın rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri nəzərdə tutulmuşdur./Trend/