2017-ci ilin martın 9-da Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan “Ford” markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.
İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub. Belə ki, “İcbari sığortalar haqqında” qanunun 32.1.3-cü maddəsinin tələblərinə əsasən İSB tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.
Qeyd etmək lazımdır ki, sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İSB-nin tarixində qeydə alınmış rekord göstəricidir.
İSB tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir.