Bakı Şopinq Festivalı Azərbaycana turist axınına səbəb ola bilər.
Trend-in məlumatına görə, bunu Bakı Şopinq Festivalının rəsmi saytına (www.bakushopfest.com) müsahibəsində beynəlxalq media təlimçisi və məsləhətçi Dan Mason deyib.
O bildirib ki, Azərbaycanın milli valyutası olan manatın hazırki məzənnəsi ölkədə əcnəbilər üçün yaxşı şərait yaradır: “Əvvəlki illərdən fərqli olaraq, Azərbaycana səyahət vizası əldə etmək indi daha asandır. Bakı istirahət etmək üçün möhtəşəm şəhərdir. Şəhər həm də təhlükəsizdir. Bu isə çox mühümdür. Bakı Şopinq Festivalı getdikcə böyüyür, festival çərçivəsində həvəsləndirici tədbirlər, o cümlədən “Tax Free” kampaniyası keçirilir. Festival doğru istiqamətdə yol alıb”.
D.Mason qeyd edib ki, bu möhtəşəm tədbiri mətbuat və sosial media kanalları vasitəsilə dünyaya çatdırmaq lazımdır.
Şopinq Festivalının Azərbaycan üçün əhəmiyyətindən danışan təlimçi qeyd edib ki, festival çərçivəsində Azərbaycanı hərtərəfli dünyaya tanıtmaq vacibdir: “Pərakəndə satış iqtisadiyyata təkan verən mühüm faktordur. Ölkəyə xaricdən nə qədər çox nağd pul vəsaiti daxil olarsa, pərakəndə satışla məşğul olan sahibkarlar üçün də bir o qədər stimul və şərait yaranar. İstərdim ki, festivalda yalnız mağazalar deyil, Azərbaycana xas bütün ən yaxşı xüsusiyyətlər nümayiş olunsun. Məsələn, mən bu il Bakıda keçirilən “Formula 1” yarışlarında nümayiş olunan sənətkarlıq və mədəniyyət nümunələri, o cümlədən Azərbaycan yeməklərindən çox zövq aldım. Niyə bu festivaldan Azərbaycanın özünəxas incəsənəti, sənətkarlığı və regional mətbəxini təbliğ etmək üçün istifadə olunmasın? Çünki festival Azərbaycanı daha yaxşı tanıtmaq üçün əsl fürsətdir – bura ənənə və müasirliyin bir-birinə qovuşduğu ölkədir”.
D.Mason əlavə edib ki, Şopinq Festivalının keçirilməsi üçün Bakı uğurlu seçimdir: “Mən Dubay, o cümlədən dünyanın bir çox yerlərində keçirilən şopinq festivallarında iştirak etmişəm. Şübhəsiz, belə festivallar keçirildiyi şəhərdə hər zaman əks-səda yaradır. Səyahət etmək getdikcə asanlaşır, buna görə də dinamik şəhərlər turist cəlb etmək üçün yalnız bir səbəblə kifayətlənmək istəmirlər. Bu baxımdan şopinq festivalları ölkəyə beynəlxalq səyahət bazarının daha çox inkişaf etmiş seqmentlərini cəlb etmək üçün ən mükəmməl vasitədir. Bu, həm də şəhərlər arasında rəqabətin artması deməkdir. Xəritədə Bakıya baxsaq, şəhərin həm şərq, həm də qərb ticarət yolunun kəsişməsində yerləşdiyini görə bilərik. Turistlərin cəlbi üçün Bakı mükəmməl coğrafi mövqeyə malikdir. Bütün bunlar şopinq festivalı üçün əsasdır”.
Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...