94 563 manat gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
ƏƏSMN yanında DƏMX-nin vətəndaş müraciətlərinə əsasən, həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin 9 ayında ümumilikdə 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Həmin vəsaitin 93,3 faizi əmək haqlarından, 4,2 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Ayrı-ayrı vətəndaşların işdən qanunsuz şəkildə azad olunmalarına dair müraciətləri əsasında da qanunvericiliyə uyğun tədbirlər görülüb və işindən qeyri-qanuni şəkildə azad edildiyi aşkar olunan şəxslər yenidən əvvəlki işlərinə bərpa etdiriliblər. Bu tədbirlər çərçivəsində aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları və s. barədə qanunvericilik əsasında izahatlar verilib.
Hesabat dövründə DƏMX tərəfindən işəgötürənlər arasında əməyin təhlükəsizliyinin təmin olunması, əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə məlumatlandırma işləri aparılıb. Əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib. Bu məqsədlə Bakıda və respublikamızın ayrı-ayrı bölgələrində “Uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə” mövzusunda keçirilən tədbirlərdə ölkəmizin əmək qanunvericiliyində uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi, yaşı 18-dən az olan işçilər üçün qanunvericilikdə əksini tapan əlavə təminat və güzəştlər barədə məlumatlar verilib.