Azərbaycanda ömürlük azadlıqdan məhrum etmə cəzası alanlar şərti olaraq çəkdiyi cəzadan, o cümlədən qismən və ya tamamilə əlavə cəzadan da azad edilə biləcək.
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 76-cı (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) maddəsinin 1-ci bəndinə əlavələr təklif edilir.
Layihəyə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq, vaxtından əvvəl azad edə bilər. Bu halda şəxsin tamamilə və ya qismən əlavə cəzadan da azad edilməsi mümkündür.
Maddənin qeyd olunan bəndinin hazırda qüvvədə olan variantı isə belədir: Məhkəmə islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər.
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.