Kiyevdə qarşıdurmalar zamanı iki polis əməkdaşı xəsarət alıb

Kiyevin mərkəzində etirazçılarla asayiş keşikçiləri arasında baş vermiş toqquşmalar zamanı iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev keçirdiyi brifinqdə bildirib.

“Sutka ərzində hüquq-mühafizə qurumlarının 21 və 25 yaşlı iki əməkdaşının döyülməsi faktı qeydə alınıb. Onlar müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta ağırdır”, – deyə S.Knyazev bildirib.
Onun sözlərinə görə, polis qüvvələri bundan sonra da mitinqdə və hökumət məhəlləsində asayişi qorumaq niyyətindədirlər.
 S.Knyazev qeyd edib ki, bəzi radikal siyasi qüvvələr mitinq zamanı qan tökmək məqsədi ilə təxribat törətməyə cəhd etsələr də, bunun qarşısı alınıb.  Polis mitinq günü və bir gün əvvəl bir neçə partlayıcı qurğu, qumbara və silah aşkarlayaraq götürüb.
“Təxribatların qarşısını almaq və təhlükəsizlik məqsədilə hökumət məhəlləsinin mühafizəsi gücləndirib”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, mülki şəxslər arasında xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.
Polis əməkdaşları Ali Radaya və yaxınlıqda gecələmək məqsədi ilə etirazçılar tərəfindən yaradılan “çadır şəhərciyi”nə aparan yolları tam nəzarətə alıb. Etirazçılar isə, öz növbəsində, 100-dək çadırdan salınmış şəhərciyin perimetri boyu düzülərək aksiyanı davam etdirirlər.
Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən “Sağ sektor”, “Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir.
Aksiya ilə əlaqədar Kiyevin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi küçələr qismən bağlanıb, təhlükəsizliyin təmin edilməsinə 3,5 min polis əməkdaşı cəlb olunub.
Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.