“Əminəm ki, Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi sərhəd buraxılış məntəqələrindən buraxılışı sürətləndirəcək”.
APA-nın Dağıstana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, körpünün istifadəyə verilməsi hər iki istiqamətdə sərnişin və yükdaşımaların həcminin daha da artmasına səbəb olacaq: “Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasında iştirak edir. Buna misal olaraq, Bakı-Tbilisi-Qars, Şimal-Cənub nəqliyyat dəhlizi və sair layihələri göstərmək olar. Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi də bu cür layihələrdən biridir. Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq sürətlə inkişaf etməkdədir. Bunun sübutu kimi ilbəil sərnişin və yükdaşımaların həcminin artmasını göstərmək olar”.
Nazir əlavə edib ki, çayın hər iki sahilində bir-biriləri ilə qohumluq əlaqələri olan insanlar yaşayır ki, bu da körpünün sosial əhəmiyyətini artırır.