Azərbaycan iqtisadiyyatının sürətli inkişafı sosial infrastrukturun digər sahələrində olduğu kimi, içməli  su təchizatı sahəsində də əsaslı dəyişikliklərin yaranmasına təkan verib. Bölgələri də əhatə edən bu layihələr ölkə vətəndaşlarının həyat şəraitinin yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilib və hazırda icra olunan Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir.
Astarainfo.az xəbər verir ki İslam İnkişaf Bankının iştirakı ilə “ Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində 2015-ci ildən Astara şəhərinin  su təchizatı sistemlərinin yenidən qurulmasına start verilib. Astara şəhərində, qəsəbə və kəndlərdə əhali uzun illərdir ki, içməli su sarıdan çətinlik çəkir. Sakinlərin arzu və istəklərini nəzərə alaraq rayon icra hakimiyyətinin təşkilatçılığı və yaxından köməyi ilə təkcə Astara şəhərinin deyil, bütövlükdə rayonun qəsəbə və kəndlərinin də içməli su ilə təmin edilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Astara rayonuna içməli su xəttinin çəkilişinə 2015-ci ilin  fevral ayından başlanıb. Podratçı təşkilat olan “Kaspi yıldız” Azərtürk MM və Artek-Zəmin Araşdırma  İ.T San. Tic. Şirkəti-Konsorsiumu tərəfindən aparılan tikinti-quraşdırma işləri nəticəsində Xanbulan su anbarından Astara şəhəri də daxil olmaqla , rayonun qəsəbə və kəndlərinin əhalisi içməli su ilə təmin olunacaq.
Tikintinin layihə rəhbəri Cümşüd Əsədullayev görülən işlər barədə ətraflı məlumat verərək bildirdi ki, layihəyə əsasən Astara rayonu əhalisinin  içməli su ilə təmin olunması üçün Xanbulan-Astara magistral kəmərinin uzunluğu 28.594 metrdir. Bu məsafədə qazıntı və tikinti-quraşdırma işlərinin  başa çatdırılması üçün  işlər sürətlə davam etdirilir.  Podratçı təşkilat tərəfindən lazım olan bütün işlər Yaponiyadan və Türkiyədən gətirilmiş müasir standartlara cavab verən müxtəlif növ texnikadan, “Hunday”, “Şadman” markalı yük maşınlarından istifadə etməklə sürətlə davam etdirilir. Magistral boyu daha dözümlü və möhkəm olan  710 mm HDPE borularından istifadə edirik. Mütəxəssislərimiz su xəttinin beynəlxalq standartlar səviyyəsində çəkilməsi üçün bütün bilik və bacarıqlarından layiqincə istifadə edirlər. Şübhəsizdir ki, layihənin icrasında yerli kadrların qüvvəsindən geniş istifadə edilir.
Hazırda rayonda su xəttinin çəkilişi ilə 13 briqada məşğuldur. Vidadi Əsgərovun və Altay Əliyevin rəhbərlik etdiyi briqadalar bu işdə daha çox fərqlənirlər. Xəritə mühəndisi Famil Bəbirov, operatorlar Əzizağa Sultanov, Elvar Məmmədov və başqaları tapşırılan işin öhdəsindən layiqincə gəlirlər.   Ötən dövr ərzində 22.420 metr məsafədə boru quraşdırılmışdır. Layihə üzrə 39 ədəd vantuz quyusu, 40 ədəd təxliyə quyusu, 8 ədəd F710 mm siyirtmə quyusu verilmişdir. Bunlardan 12 ədəd vantuz quyusu, 10 ədəd təxliyə quyusu və 4 ədəd siyirtmə quyusu tikilmişdir.
Layihəyə əsasən “Xanbulan Çay” dəryaçasında 10.000 kub metr (2*5000 kub metr) su anbarının dəmir-beton işləri başa çatdırılmış, anbarın izolyasiya işləri görülmüş, havalandırma boruları qaynaq edilmiş, anbarın manevr otağının tikintisi yekunlaşmışdır. Hər 2 anbarın su testi həyata keçirilir. Hava buraxıcı və suburaxıcı otaqların tikintisi başa çatdırılıb.  Bir sözlə, kollektivimizin bütün üzvləri çalışırlar ki, rayonumuzun sakinlərinin illərdən bəri arzusunda olduqları içməli su ilə təmin olunması işlərini vaxtında və yüksək keyfiyyətlə başa çatdırsınlar.
Astara şəhərinin içməli su şəbəkəsi layihə üzrə 112.879 m verilmişdir.  Bu şəbəkənin birinci və ikinci mərhələsinin tikintisinə bu ilin iyun ayının 10-dan başlanılmış və layihədə nəzərdə tutulmuş 83.176 metrin 67 min metrində boru çəkilmişdir. Hazırda 5.119 mənzildən 2.164 mənzilə ev çıxışları verilmişdir. Birinci və ikinci mərhələdə nəzərdə tutulan işlərin 95 faizi başa çatdırılmışdır. Tikintinin layihə rəhbəri  C.Əsədullayev söhbət zamanı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin onlara göstərdiyi gündəlik qayğı və diqqətdən razılığını bildirdi. Rayon rəhbərliyinin tapşırığı əsasında ərazidə yerləşən kommunikasiya xətlərinin zədələnməməsi, təhlükəsizliyin qorunması  üçün aidiyyəti təşkilatlar müvafiq köməklik göstərirlər. Görülən tədbirlər nəticəsində ərazidə kommunikasiya və digər əhəmiyyətli xətlərin zədələnməsi hallarına yol verilməmişdir.
 Bəli, son illər respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da abadlıq və quruculuq işləri geniş vüsət alıb. Şəhər sakinləri üçün ən mühüm hadisələrdən biri də illərdən bəri arzusunda olduqları içməli su xəttinin çəkilməsidir. Əhali uzun illərdir ki, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən yaşayış massivində tərkibinə görə aşağı keyfiyyətli sudan istifadə etməyə məcbur idi. Xanbulan Çay dəryaçasından Astara rayonuna içməli su xəttinin çəkilişi möhtərəm cənab Prezidenti İlham Əliyevin astaralılara göstərdiyi qayğının parlaq təcəssümüdür.
Avropanın əksər ölkələri maliyyə böhranı ilə üzləşsə də, ölkəmizdə investisiya qoyuluşu və infrastruktur layihələr uğurla yerinə yetirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, bu infrastruktur layihələri arasında içməli su layihələri də prioritet xarakter daşıyır. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan sürətlə inkişaf edən ölkələrdəndir. Bölgələrdə həyata keçirilən iri infrastruktur layihələrinin ardıcıl olaraq icra olunması bu faktı bir daha sübut edir.

 

    Azər Abdullayev
“Astara” qəzetinin və Astarainfo.az -ın əməkdaşı