Oktyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar Azər Zahidin 60 illik yubileyinə həsr edilmiş konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Mədəniyyət” kanalı, Azərbaycan Bəstəkarlar İttifaqı və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verilib.
Bildirilib ki, bəstəkar Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 500-dək verilişin müəllifi kimi tanınır. Bundan əlavə onun milli musiqimizin inkişafında müstəsna xidmətləri var. Vurğulanıb ki, digər bəstəkarlarımızın əsərləri kimi, onun bəstələri də bu gün bir çox ifaçılar tərəfindən müxtəlif konsert salonlarında səsləndirilir.
Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.

Konsertdə solistləri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edib.