İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015-2016-cı illərdə dövlət büdcəsindən ayrılmış subsidiyanın proqnozlaşdırılmayan istiqamətlərdə xərcləndiyi üzə çıxıb.
APA-nın məlumatına görə, bu, Hesablama Palatasının Hesablama Palatasının “Dövlət auditi” bülleteninin ikinci nömrəsində dərc olunmuş İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinin auditi üzrə hesabatın xülasəsində əksini tapıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2015 və 2016-cı illərdə dövlət büdcəsindən 16 milyon 552 min 800 manat (“məhsula görə ödənişlər” maddəsi üzrə 165 milyon manat, “bank xərcləri” maddəsi üzrə 52 min 800 manat) ayrılıb. Bu illər üzrə aparılan təhlil göstərib ki, bəzi xərc istiqamətləri üzrə icra tam aparılmayıb, bir sıra xərc istiqamətləri üzrə nəzərdə tutulduğundan çox icra edilib, bəzi hallarda isə nəzərdə tutulmuş subsidiya proqnozlaşdırılmayan istiqamətlərə yönəldilib. Subsidiyalar əsasən alışlar və xidmətlər, nəqliyyat vasitələri və digər maşın və avadanlıqların alışı və sair xərclərin tənzimlənməsi üçün nəzərdə tutulduğu halda, faktiki olaraq 2015-ci il üzrə icrada cari və əsaslı təmir xərcləri, 2016-cı ildə isə inventar və avadanlığın alışı və təmiri, həmçinin əsaslı təmir xərcləri üstünük təşkil edib, proqnoz məbləğindən artıq vəsait sərf edilib
Ümumiyyətlə, 2015-2016-cı illər üzrə büdcə xərclərinin müqayisəli təhlili göstərib ki, nəzərdə tutulmuş xərclərin ümumi məbləği demək olar ki, dəyişməz qaldığı halda bəzi xərclərin icrası kəskin fərqli olub. İdarənin xərcləri 2015-ci ildə 99 min 411,5 manat olduğu halda 2016-cı ildə bu xərc üzrə vəsait istifadə olunmayıb. İnventar və avadanlığın alınmasına 2015-ci ildə 292 min 93,8 manat, 2016-cı ildə isə 1 milyon 108 min 444,4 manat və ya 816 min 350,6 manat çox, qeyri-maliyyə aktivlərinin alınmasına isə 2015-ci ildə 150 min 733,2 manat, 2016-cı ildə isə 398 min 974, 1 manat və ya 248 min 240,9 manat çox vəsait xərc edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin xərcləri dövlət büdcəsi ilə yanaşı göstərilən əlavə xidmətlər, o cümlədən reklam, verilişə edilən sponsor yardımları və digər mənbələr hesabına da maliyyələşdirilib. Şirkətin reklam və sponsorlardan gələn gəlirlər üzrə 2015-ci ildə 257 min 255,3 manat (27 halda reklam gəliri), 2016-cı il ərzində isə 50 min 883,6 manat (14 halda reklam gəliri), eyni zamanda 2016-cı ildə tender iştirak haqları üzrə 3 min 50 manat təşkil edib. Beləliklə, digər mənbələrdən daxilolmaların təhlili göstərir ki, 2016-cı ildə bu xərclərin məbləği 2015-ci illə müqayisədə 206 min 371,7 manat az olub.
Sənəddə qeyd edilir ki, bu, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən İctimai televiziya və radio yayımı haqqında qanunun müvafiq maddələrində nəzərdə tutulmuş mənbələr üzrə vəsaitin daxilolması işinin zəif təşkili kimi qiymətləndirilməlidir.
İctimai Televiziya və Radio Yayımları Şirkətində 2015-ci ilin sonuna əmək haqqından dövlət sosial-sığorta üzrə ümumilikdə 47 min 898,5 manat, qonorar məbləğinə görə 44 min 454,9 manat, 2016-cı ilin sonuna isə sosial-sığorta üzrə 26 min 950,1 manat, qonorar məbləğinə görə isə 25 min 524,7 manat artıq ödəmə üzə çıxıb. Auditlə əhatə olunan dövrdə əmək haqqı xərclərinin hesablanması və ödənilməsi zamanı bir neçə halda normativ sənədlərin tələblərinə əməl edilməməsi nəticəsində nöqsan və artıq xərclərə yol verilib. Elmi dərəcələrə görə 4 min 615,2 manat məbləğində artıq vəsait xərclənib. Həmçinin müxtəlif səbəblərdən 2 min 848 manat artıq əməkhaqqı ödənilib. Bununla yanaşı, tarif (vəzifə) maaşlarına aylıq 20-40 faiz nisbətində əlavə olan üstəlik aylıq 20 faiz mükafat ödənişi zamanı mükafatın məbləğinin tarif (vəzifə) maaşına əsasən deyil, əlavələrlə birlikdə hesablanmış əmək haqqına tətbiq edilməsi nəticəsində 3 min 232 manat məbləğində artıq mükafat ödənilib. Yol verilmiş səhvlər nəticəsində 2015-2016-cı illərdə ümumilikdə 2 min 724,6 manat məbləğində gəlir vergisi əskik tutulub. Ezamiyyə xərclərinin ödənilməsi zamanı 5 min 788,4 manat məbləğində artıq xərcə yol verilib. 2015-2016-cı illərdə smeta sənədləri və qiymətləndirmə cədvəllərinin seçmə üsulu ilə sənədli auditi nəticəsində əsaslı təmir işlərinin aparılması zamanı podratçı təşkilatlara 22 min 711 manat məbləğində artıq vəsait ödənildiyi müəyyən edilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...