Azərbaycanda xərçəng xəstəliyi ilə mübarizəyə 40,2 milyon manat ayrılıb

2018-ci ildə dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılacaq vəsaitin 174,8 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən xroniki böyrək çatışmazlığı xəstəliyinin mübarizəsi üzrə tədbirlərə 23,1 milyon manat (2017-ci ilə nisbətən 0,9 milyon manat və ya 4 faiz çox), xərçəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatına 40,2 milyon manat (2017-ci ilə nisbətən 1 milyon manat və ya 2,5 faiz çox), şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərin maliyyə təminatına 36,3 milyon manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərə 6,5 milyon manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 2,1 milyon manat (2017-ci ilə nisbətən 1,0 milyon manat və ya 96,5 faiz çox) vəsait proqnozlaşdırılıb.
APA-nın məlumatına görə, həmçinin, Azərbaycanda HİV/AİDS-in qarşısının alınması və onunla mübarizəyə 2,5 milyon manat (2017-ci ilə nisbətən 0,2 milyon manat və ya 8,8 faiz çox), ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlərə 3 milyon manat, qan, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə isə 1,4 milyon manat ayrılacaq.
Habelə dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirlərinə 1,8 milyon manat, uşaqların icbari dispanserizasiyası ilə bağlı xərclərə 4,5 milyon manat, qanın bədxassəli xəstəlikləri ilə mübarizəyə 6,6 milyon manat (2017-ci ilə nisbətən 0,6 milyon manat və ya 9,9 faiz çox) “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın maliyyə təminatı ilə bağlı 12,2 milyon manat, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı 10,6 milyon manat, icbari tibbi sığortanın tətbiqi ilə bağlı 16,1 milyon manat, idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə məqsədilə yeni yaradılmış “Azərbaycan Milli Antidopinq Agentliyi” publik hüquqi şəxsin maddi-texniki bazasının formalaşması və fəaliyyətinin təşkilinə 1,5 milyon manat nəzərdə tutulub. Səhiyyə sahəsində digər tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclər üçün 6,4 milyon manat vəsait proqnozlaşdırılıb.