SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Qəbələdə “Qəbələ Arxeologiyası” mövzusunda Beynəlxalq Elmi Seminar keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ Arxeoloji Mərkəzində təşkil olunan seminar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.
Beynəlxalq elmi seminarın açılış mərasimində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Chang-gyu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, AMEA-nın vitse-prezidenti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, Qəbələ arxeoloji ekspedisiyasının rəisi, AMEA-nın müxbir üzvü, professor İlyas Babayev və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, akademik Nailə Vəlixanlı çıxış ediblər.
Bildirilib ki, Koreya Respublikası və Azərbaycan Respublikası ötən 25 il ərzindəki əməkdaşlıq tarixində böyük irəliləyiş əldə edib, siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətləri daim inkişaf etdirib. Azərbaycan və Koreya arasında yaradılan bu dostluq münasibətlərinin genişlənməsində artıq 12 ildir fəaliyyət göstərən “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin böyük rol oynadığı qeyd edilib.
Natiqlər iki ölkə arasında elm sahəsində əməkdaşlığın nümunəsi kimi Qəbələ Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının fəaliyyətinin bu Beynəlxalq Elmi Seminarda xüsusi yeri olduğunu bildiriblər. Vurğulanıb ki, son illər dünyanın mədəniyyət və turizm mərkəzinə çevrilən Qəbələnin bu cür beynəlxalq elmi seminara ev sahibliyi etməsi beynəlxalq aləmin diqqətini yalnız Qəbələyə deyil, bütövlükdə Azərbaycana cəlb edir. Məlumat verilib ki, Azərbaycan-Koreya arxeoloji ekspedisiyası SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, maliyyə və təşkilatı dəstəyi ilə fəaliyyətə başlayıb. O vaxtdan etibarən Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində əhəmiyyətli şəhər olmuş Qəbələnin (e.ə.IV-b.e.XVIII əsrləri) üç tarixi ərazisində, eləcə də Paleolit, Eneolit və Erkən Tunc dövrlərinə aid şəhərkənarı ərazilərində hər il arxeoloji tədqiqatlar aparılır.
Bildirilib ki, Qəbələdəki arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılır. Qazıntılar zamanı tapılan ən maraqlı maddi-mədəniyyət nümunələrinin saxlanılması və mütəxəssislər tərəfindən laboratoriya işlərinin aparılması üçün lazımi şərait yaradılıb. Həmin nümunələr Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzin sərgi salonunda nümayiş olunur.
Beynəlxalq tədbir zamanı elmi məruzələrlə yanaşı, 2005-ci ildən SEBA Assosiasiyasının 2500 il tarixi olan və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhəri ərazisində AMEA-nın müxbir üzvü, professor İlyas Babayevin rəhbərliyi altında Azərbaycan və Koreya arxeoloqlarının birgə apardığı arxeoloji ekspedisiyalar zamanı əldə olunan nəticələr barədə illik hesabatlar və tapıntılar kitablar toplusunun və SEBA Assosiasiyasının sifarişi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Qəbələ-Qafqaz Albaniyasının paytaxtı” filminin təqdimatı keçirilib.
Tədbirdə məlumat verilib ki, seminar materiallarının toplusunda 39 müəllifin 33 elmi əsəri nəşr olunub. Tədbirdə iştirak edən həmin müəlliflər sırasında Azərbaycan arxeoloqları ilə yanaşı, Koreyanın Seul Milli Universitetinin (Kim Jongil, Kwon Ohyoung), Kongju Milli Universitetinin (Kim Gyu-ho), Silla Mədəni İrsi üzrə Tədqiqat İnstitutunun (Jaehyun Lee), M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (Anatoliy Kantoroviç) və Almaniya Arxeoloji İnstitutunun İstanbul filialının (Andreas Schachner) professorları da var. Koreyanın Qəbələ ilə qardaşlaşmış Gyeongju şəhər meriyasının mədəni irs şöbəsinin əməkdaşı Lee Joo Young da qonaqlar sırasındadır.
Seminarda Azərbaycan və Koreyanın tanınmış arxeoloqları çıxış edərək qədim Qəbələ şəhərinin ərazisində apardıqları tədqiqatların nəticələri barədə geniş məlumat veriblər. Beynəlxalq elmi seminarın iştirakçıları qədim Qəbələ şəhərinin Antik, Səlbir və Qala adlanan ərazilərində aparılan arxeoloji qazıntı işləri, eləcə də eksponatlar və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...