Qurban Səidin eyniadlı romanı əsasında çəkilən “Əli və Nino” bədii filminin 5-ci Vaterlo Tarixi Film Festivalı çərçivəsində “Wellington” kinoteatrında təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, festival təşkilatçıları film haqqında tamaşaçılara ətraflı məlumat verib və ekran əsərinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, 80 il bundan əvvəl yazılan “Əli və Nino” romanı əsasında çəkilmiş film Azərbaycanda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin mehriban yanaşı yaşadığını və ölkədəki tolerantlığı əks etdirir, eyni zamanda, dövrümüzün aktual məsələsi olan multikulturalizm, tolerantlıqla bağlı cəmiyyətlərə və insanlara vacib mesajlar ötürür.
Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov öz çıxışında gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağına diqqət çəkərək, bu filmdə ölkəmizdə hətta əksər Avropa dövlətlərindən əvvəl bir sıra demokratik azadlıqların, o cümlədən qadınlara səsvermə hüququ verildiyinin aydın nümayiş etdirildiyini, Azərbaycanın ilk müstəqillik illərində baş vermiş hadisələrin açıq şəkildə ölkənin islami və Avropa dəyərlərinin unikal vahid məkanı olduğunu göstərdiyini və müasir Azərbaycanın bu ənənələri qlobal səviyyədə inkişaf etdirməyə nail olmuş ölkə kimi tanındığını vurğulayıb.
Film Vaterlo tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb, nümayiş yerli mətbuatda işıqlandırılıb.