Magistr və doktorantların ümumi təqaüdlər sayında göstəricini 63 faizdən daha çox, yəni 85-90 faizə çatdırılmasını qarşıya hədəf kimi qoymuşuq.
XəzərXəbər xəbər verir ki, bunu təhsil naziri Mikayıl CabbarovDoktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransında deyib.
Onun sözlərinə görə, ölkədə elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu olub:
“2017-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ayrılan 3558 təqaüddən 63 faizi magistratura və doktorantura pilləsi üzrə təhsil almasına yönəldilib. Bu o deməkdir ki, həmin gənclər Azərbaycanda elm və təhsilin inkişafına öz töhfələrini verəcəklər. Biz inanırıq ki, ikinci dövlət proqramının həyata keçirilməsi Azərbaycan universitetlərinin bazasında olmalıdır. Başqa sözlə biz dövlətin resurslarını tələbələrin magistratura və doktorantura pilləsi üzrə təhsillərini xarici ölkələrdə deyil, məhz bunun üçün müvafiq elmi və kadr potensialı olan yerli ali təhsil müəssisələrinin bazasında həyata keçirməliyik. Hazırda yeni dövlət proqramının hazırlanması istiqamətində hökumətdaxili müzakirələr davam edir”.
M.Cabbarov hesab edir ki, müxtəlif sahələr üzrə elmi kadr hazırlığının artırılmasına xüsusi diqqət yetirməlidir: “Hazırda təhsilalan doktorantların əksəriyyəti humanitar, sosial və iqtisadiyyat sahələrinin payına düşür. Lakin milli iqtisadiyyatımızın prioritetləri texnoloji, texniki, təbiət və kənd təsərrüfatı üzrə alimlərin hazırlanmasına xüsusi diqqət yetirilməsini tələb edir. 2017-ci ildə SABAH qruplarından məzun olan 720 nəfərin 50 faizdən çoxu ölkənin, 115 məzun isə xarici ölkələrin ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olub. Bu da Azərbaycan elminin gəncləşməsinə öz töhfəsini verəcək”.
“Hazırda Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2723 nəfər təhsil alır. Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 64 faizi, elmlər doktoru proqramları təhsil alanların isə 52 faizi ali məktəblərin payına düşür. Bu göstəriciləri yaş nisbəti üzrə müqayisə etdikdə, görmək olar ki, elmlər doktoru proqramları üzrə təhsil alanların 34 faizini yaşı 40-dək olanlar təşkil edir. Əvvəlki dövrlərə nisbətən bu göstəricilər bir qədər artsa da, elmdə nəsillərin yenilənməsi daha sürətlə gedə bilər. Dövlət ali təhsil müəssisələrində yaşı 61-dən yüksək olan elmlər doktorlarının sayı 65 faizdən çoxdur. Biz bu faizin aşağı salınmasını yaşlı, savadlı insanlarımızın sayının azaldılması yolu ilə deyil, gənc tədqiqatçılar və alimlərin cəlb edilməsi yolu ilə etməliyik”. – Nazir əlavə edib.
Bəzi statistik göstəriciləri açıqlayan M. Cabbarov vurğulayıb ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 13 faizi, elmlər doktoru proqramlarını bitirənlərin isə 11 faizi dissertasiyanı vaxtında müdafiə edə bilib. Onun fikrincə, bu rəqəmlər narahatlıq doğurmaya bilməz: “Çünki bu, ali məktəblərin hazırlıq səviyyəsinin keyfiyyəti ilə bağlı məsələdir. Mövcud statistik göstəricilər gənclərin elmi fəaliyyətə aktiv cəlb olunması istiqamətində müvafiq addımların atılmasını zəruri edir və qarşıda duran əsas vəzifələrdən biridir. Hesab edirik ki, ötən il qəbul edilən “Elm haqqında” qanun bu sahədə ciddi irəliləyişlərə nail olunmasına təkan verəcək. Bu qanun elm sahəsində müvafiq hüquqi baza yaratmaqla yanaşı, elmi fəaliyyətin stimullaşdırılması, elmi işçilərin sosial müdafiəsi, elmi vəzifələrə qəbul və digər məsələlərin həyata keçirilməsinə əsas yaradır. Qanunun verdiyi imkanlardan istifadə nəticəsində həm AMEA, həm də təhsil sahəsində gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması mümkün olacaq”.
“Elm haqqında” qanunun qəbul edilməsi ilə qanunvericiliyə tədqiqat universitetlərinin yaradılması daxil edilib. Bu statusu qazanan universitetlərə dövlət tərəfindən müvafiq maddi dəstək göstəriləcək. Tədqiqat universitetlərində fundamental tədqiqatlar aparılmaqla yanaşı yüksək texnologiyalara əsaslanan elm tutumlu sahələrin kadr və informasiya təminatının həyata keçirilmələri nəzərdə tutulur. Tədqiqat fəaliyyətinin təşkili işinə gəldikdə nazir qeyd edib ki, bu, universitetlər üçün davamlı şəkildə güclənməkdə olan rəqabət mübarizəsinin həlledici amillərindən birinə çevrilir. Təhsil naziri bildirib ki, dünya reytinq siyahılarının hazırlanmasında istifadə edilən meyarlar arasında tədqiqat fəaliyyəti 20 faiz çəkiyə malikdir”.- M. Cabbarov deyib.
Nazir bu gün magistratura və doktorantura səviyyəsi üzrə mövcud olan problemə də toxunub:
“Bu gün ali təhsil müəssisələrində elmi kadrların hazırlığı dövlət hesabına deyil, ali məktəblərin öz vəsaiti hesabına həyata keçirilir. Belə yanaşma isə son illərdə müşahidə edilən bəzi mənfi hallara zəmin yaradır və dövlət siyasətinin prioritetlərini tam şəkildə əks etdirmir. Ölkə başçısının 2016-cı ildə verdiyi sərəncamla magistraturaya qəbul olunanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi elm və təhsil işçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Ali təhsilin fasiləsizliyinin təmin edilməsi həm gənclərin elmi fəaliyyətinin stimullaşdırması, ali təhsil müəssisələrində və elmi təşkilatlarda gender balansının qorunması baxımından çox böyük əhəmiyyət kəsb edir. Artıq ilkin müsbət nəticələr var. 2017-2018-ci tədris ili üzrə magistraturaya qəbul olan oğlanların sayı əvvəlki illə müqayisədə 1593 nəfərdən 2771 nəfərə yüksəlib. Başqa sözlə, 74 faiz artıb. Ümumilikdə bu il magistraturaya sənəd verənlərin sayı əvvəlki illə müqayisədə 46 faiz azalsa da, qəbul olunanların sayı 36 faiz artıb. Bu fakt magistraturaya qəbulda keyfiyyət göstəricilərinin yüksəlməsindən, başqa sözlə desək, bakalavr pilləsini bitirənlər arasından daha yüksək bilik və bacarıqlara malik olanların magistraturaya üz tutmasından xəbər verir”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...