Astarainfo.az xəbər verir ki, oktyabrın 14-22-də Rusiyanın Soçi şəhərində XIX  Beynəlxalq Gənclər və Tələbələr festivalı keçirilib.  Tələbələr festivalına 150 dən çox ölkədən 20 min iştirakçı və 5 min könüllü qatılıb.  Ölkəmizi 180 nəfərlik nümayəndə heyəti  bu beynəlxalq tədbirdə  təmsil və təbliğ ediblər.  Nümayəndə heyətinin tərkibində Astaralı fəal gənc, Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Rövşən Bağırov da iştirak edib.

Rövşən Bağırovdan aldığımız məlumata görə festival çox möhtəşəm keçmiş, açılış və bağlanış mərasimlərində Rusiyanın prezidenti Vladimr Putin şəxsən iştirak etmişdir. Rövşən Bağırov açılış mərasimində Azərbaycan bayrağı ilə sektorun qarşısında dövrə vuraraq  nümayəndə heyətinə böyük ruh yüksəkliyi yaşatmışdır.

Festivalda Azərbaycan stendinə olan böyük marağın nümunəsidir ki,  müxtəlif ölkələrdən olan nümayəndələr Azərbaycanın qədim və müasir tarixini özündə əks etdirən bukletlər, albomlar, nişanlar, milli mətbəximizə aid olan şəkərbura, paxlava, şor qoğalı və digər mədəniyyət nümunələri ilə tanış olmuşlar.

Musiqiçilərimiz tərəfindən ifa olunan milli musiqilər və xüsusilə də canlı performans ilə ifa olunan“Sarı gəlin” musiqisi festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Həmçinin Rövşən Bağırov qeyd etmişdir ki, Azərbaycan nümayəndə heyəti 18 oktyabr Dövlət Müstəqillik gününü Soçidə böyük izdiham və sevinclə qeyd etməklə tarixin yaddaşlarından süzülüb gəlmiş  Azərbaycanın keçdiyi uğurlu inkişaf yolundan  bəhs edərək  festival iştirakçılarını məlumatlandırmışlar.

Erməni işğalçı qüvvələri  yenə də öz məkirli siyasətində əl çəkməyərək Dağlıq Qarabağ regionunun Ermənistan ərazisi olduğunu göstərən broşürlər nümayiş etdirmişlər. Buna cavab olaraq Azərbaycan nümayəndə heyəti Media Centerə icazəli şəkildə  daxil olaraq media nümayəndələrinə bəyanat yazılmış mətni paylayıblar. Bildiriblər ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli və əbədi doğma torpağıdır. Bunun əksini isə heç kim iddia edə bilməz. Ölkəmizi Soçidə layiqincə təmsil edən, böyük uğura imza atan Azərbaycan nümayəndə heyəti sevinc və qürur hissi ilə vətənə qayıtmışlar.

   Təşkilatçılığa görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına, əziyyət çəkən hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Astarainfo.az