Azərbaycandan İrana qızıl keçirməkdə ittiham olunan Masallı rayon sakinləri Şahin Hüseynov, Dəyanət Əsgərov və Aqşin Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Astarainfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, 2016-cı ilin oktyabrında Şahin Hüseynov digər şəxslər – Dəyanət Əsgərov, Aqşin Nəhmətov və şəxsiyyəti istintaqa Əlirza adı ilə məlum olan İran vətəndaşı ilə qabaqcadan əlbir olan qrup təşkil edib.
Onlar Azərbaycandan külli miqdarda dəyəri olan qızıl külçələrini qaçaqmalçılıq yolu ilə İrana keçirməyi planlaşdırıblar.
Şahin Hüseynov və Dəyanət Əsgərov oktyabrın 28-də pərakəndə satış qiyməti 84338 manat təşkil edən, ümumi çəkisi 1371,04 qram olan qızıl külçələri ayrı-ayrı vaxtlarda və müxtəlif şəraitlərdə Aqşin Nəhmətova çatdırıblar.
Aqşin Nəhmətov da həmin gün saat 17 radələrində külli miqdarda qızıl külçələrini hər iki ayağının pəncə nahiyəsində gizlədərək Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin sərnişin ixrac xəttində olan keçid məntəqəsindən gizli keçirib.
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı Aqşin Nəhmətov saxlanılıb. Onun üzərinə baxış zamanı hər iki ayağının pəncə nahiyəsində külli miqdarda qızıl külçələr aşkar edilib. Əməliyyatı davam etdirən hüquq-mühafizə orqanları dəstənin digər iki üzvünü də yaxalayıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) maddəsi ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilənlərin hər biri 2 il azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan Şahin Hüseynov və Dəyanət Əsgərov apelyasiya şikayəti veriblər. Rayonda zərgərliklə məşğul olduqlarını göstərən hər iki şəxs barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər. Digər təqsirləndirilən Aqşin Nəhmətov isə apelyasiya şikayəti verəmyib.
Şahin Hüseynov və Dəyanət Əsgərovun şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən şəxslərin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Şahin Hüseynovun cəzasının 11 aya, Dəyanət Əsgərovun isə cəzasını 10 aya endirib.
Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.