Şimali Kiprdə iki azərbaycanlı gənc tutulub

Şimali Kipr Türk Respublikasında (ŞKTR) iki azərbaycanlı gənc tutulub.
APA-nın “Kıprıs postası”na istinadən veridiyi xəbərə görə, azərbaycanlı Nicat Vahabov və Ayxan Şacyev oktyabrın 9-da Mağusa şəhərində küçədə Yücel Sarakla mübahisə ediblər. Y. Sarak onlardan çəkindiyi üçün hadisə yerindən qaçıb. O, qaçarkən mobil telefonunu yerə salıb. Azərbaycanlı gənclər həmin telefonu götürüblər. Hadisə ətrafdakı müşahidə kameralarına düşüb. Nəticədə azərbaycanlı gənclərin kimliyi müəyyənləşib və onlar oğurluqda təqsirləndirilərək tutulublar.
N. Vahabov verdiyi ifadədə əməlini etiraf edib, A. Şicayev isə telefonu dostunun götürdüyünü bildirərək, təqsirli olmadığını bildirib.

Məhkəmə onların xaricə çıxışına qadağa qoyub və sənədlərini əlindən alıb. Bundan başqa, məhkəmədə onların hər birinin 1000 lirə (təxminən 500 manat) girov ödəyəcəyi təqdirdə azadlığa buraxılması barədə qərar verilib. Lakin tələb olunan girov ödənilməyib, hər iki şəxs təcridxanaya göndərilib.