Astarainfo.az xəbər verir ki, oktyabrın 26-da Astara Heydər Əliyev Mərkəzində “Narkomaniya “Əsrin bəlasıdır” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış və “Biganə qalma” mövzusunda film nümayiş olunmuşdur.
Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova öz çıxışında həmçinin onu da qeyd etmişdir ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında ”18 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.
Tədbirdə Astara rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, Astara rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi, yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov, Astara rayon Polis Şöbəsinin əməkdaşı Anar Atakişiyev, Astara Mərkəzi Xəstəxanasının həkimi Oktay Əmənullayev çıxış etmişlər.
Elza Kazımova
Astarainfo.az