“Barselona” “Kamp Nou” stadionunun adını rekord məbləğə dəyişə bilər

 İspaniyanın “Barselona” klubu əsas komandanın ev oyunlarını keçirdiyi “Kamp Nou” stadionunun adını rekord məbləğə dəyişə bilər.
“Report” “Catalunya Radio”ya istinadən xəbər verir ki, “Grifols” əczaçılıq şirkəti 340 milyon avro qarşılığında Kataloniya təmsilçisi ilə 30 illik müqavilə bağlamaq istəyir. Tərəflər arasında razılıq əldə olunarsa, arena “Camp Nou Grifols” adlanacaq.
1957-ci ildə inşa edilən stadionun tutumu 99354 nəfərlikdir. “Barselona” rəhbərliyi əldə olunacaq gəlirin böyük hissəsini arenanın yenidən qurulmasına sərf etməyi düşünür. Yenidənqurma işlərinə 2019-cu ildə start veriləcək. Bunun üçün 600 milyon avro tələb olunur. Vəsaitin 1/3-i sponsorlardan daxil olacaq. Beləliklə, klub rəhbərliyi stadionun rekonstruksiyası üçün lazımi vəsaiti tam ödəyə biləcək.
Əczaçılıq şirkətinin ödəyəcəyi məbləğin qalan hissəsi isə Lionel Messi ilə yeni müqavilənin imzalanmasına yönəldiləcək. Argentinalı futbolçuya 90 milyon avro ödəniləcək.
Qeyd edək ki, stadionun adının dəyişdirilməsi üçün ən böyük müqaviləni ABŞ-da “Cayents” və “Cets” klubları bağlayıb. 25 illik sözləşmənin dəyəri 338,6 milyon avrodur.