“Buta Airways” Bakıdan olan reyslərdə uçuş terminalını dəyişir

Oktyabrın 29-dan etibarən “Buta Airways” aviaşirkəti Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 2-nin Şimal girişi vasitəsilə yerinə yetirilməyə başlayacaq.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, loukoster gələn reysləri isə əvvəlki kimi Terminal 1-ə yerinə yetirməyi planlaşdırır.

“Terminal 2” mülki hava limanlarının istismarı üzrə bütün beynəlxalq tələblərə cavab verir. Terminalda kafe və restoranlar, “Duty Free” rüsumsuz ticarət mağazaları fəaliyyət göstərir. Hava limanının bütün ərazisində pulsuz yüksək sürətli internet (Baku Airport Free Wi-Fi) təklif olunur.

Həmçinin uçuş terminalının dəyişməsi ilə əlaqədar olaraq, BakuBus H1 Airport Express ekspress avtobusunun marşrutu da dəyişəcək. Terminal 2-nin uçuş zonası qarşısında əlavə dayanacaq olacaq. Avtobus hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakının mərkəzi  (“28 May” metro stansiyası) arasında “Koroğlu” metrostansiyasının yaxınlığında qısa müddətli dayanmaqla hərəkət edir.

Əlavə məlumat üçün terminallardakı məlumat köşklərindəki əməkdaşlara, (+994 12) 497 27 27 telefon nömrəsi vasitəsilə aeroportun 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə, həmçinin “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsinə müraciət etmək olar: www.fb.com/BakuAirport