Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə Cumhuriyyətinin Çukorova Universitetinin kənd təsərrüfatı fakültəsinin bitki bölməsinin rəhbəri, professor Saadəttin Baloğlu  LDU-nun rektoru professor Natiq İbrahimovun dəvəti ilə Lənkəran Dövlət Universitetində olub. Qonaqla görüşən  professor Natiq İbrahimov  LDU-ya təşrif buyurduğuna görə professor Saadəttin Baloğluna  minnətdarlıq bildirib.
Dostluq və səmimilik şəraitində keçən söhbət zamanı Türkiyənin Çukorova Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əlaqələrin yaradılması,müəllim-tələbə mübadiləsinin təşkili və s. barədə ətraflı fikir mübadiləsi edilib.Professor Saadəttin Baloğlu 50 illik təcrübəyə malik Çukorova Universitetinin əldə etdiyi təhsil uğurlarından geniş bəhs edib.Söhbət zamanı bu  iki ali təhsil ocağı arasında aqrar yönümlü ixtisaslarda  kadr hazırlığının inkişaf perspektivləri,təlimlə təcrübənin vəhdəti,universitetlərin özünümaliyyələşdirmə istiqamətində həyata keçirə biləcəyi layihələr geniş müzakirə edilib.
LDU-ya səfəri çərçivəsində professor Saadəttin Baloğlu universitetin  tədris-təcrübə sahəsinə baş çəkib,yardımçı təsərrüfatda aparılan işlərlə tanış olub.Aqrar və mühəndislik fakültəsinin dekanı Balayar Şahbazov LDU-nun 2,5 hektarlıq yardımçı təsərrüfatında aparılan işlərdən danışıb,bu günlərdə 1 hektarda yeni çay plantasiyasının salınacağını bildirib.Hörmətli qonaq sitrus bitkilərin becərildiyi istixanaya baş çəkib,feyxoa sahəsini gəzib.
 İki universitet arasında tanışlıq görüşü professor-müəllim heyətinin iştirakı ilə dəyirmi stol arxasında  davam etdirilib.LDU-nun elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri,tarix üzrə fəlsəfə doktoru Zaur Məmmədov  LDU-nun beynəlxalq əlaqələrin genişləndirilməsində ,Türkiyə Cumhuriyyətinin aparıcı ali təhsil ocaqları ilə əlaqələrin qurulmasında maraqlı olduğunu deyib.Professor Saadəttin Baloğlu Çukorova Universiteti haqqında tanıtım çarxını təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə  prorektoru  vəzifəsini icra edən İdrak Əsgərov maraqlı görüşə və ikitərəfli əlaqələrin qurulmasında göstərdiyi dəstəyə görə rəhbərlik adından hörmətli qonağa minnətdarlıq bildirib.