Astarainfo.az xəbər verir ki, Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Təhsil Nazirliyi tərəfindən birgə imzalanmış Tədbirlər Planına uyğun olaraq DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon Təhsil Şöbəsi və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə oktyabrın 26-da Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” adlı tədbir keçirilib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Qurbanlı, Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Yelmar Hüseynov, Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva çıxışında məktəbdə keçirilən maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulayıb. Bildirib ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda böyüməsində bu tədbirlərin əvəzsiz rolu var.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib. T.Həsənzadə, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin təbliğ olunmasıdır.
Astara Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Qurbanlı və Astara Şəhər Təhsil Şöbəsinin əməkdaşı Yelmar Hüseynov çıxışlarında gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndimənin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Astarainfo.az